Avrasiya regionunda formalaşan Türk Dövlətləri Təşkilatının (TDT) qlobal siyasətdə yeni güc mərkəzi olmaq şansı böyükdür. Düşünürəm ki, təşkilata üzv olan dövlətlərin başçıları bu barədə düşünür və addımlar atırlar. Qlobal proseslərə təsir etmək və ümumi maraqları qorumaq üçün TDT-yə üzv ölkələrin bütün imkanları var. Bu dövlətlərin iqtisadi potensialı, insan resursları, yerləşdikləri coğrafi məkan yeni güc mərkəzinin yaranması üçün geniş imkanlar yaradır.
Aqrarpress.az bildirir ki,bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert, Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökce deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan TDT-nin əhəmiyyətli ölkələridir. Çindən Avropaya uzanan Orta Dəhliz, Xəzər-Qara dəniz-Avropa “Yaşıl Enerji Dəhlizi” məhz Azərbaycan və Türkiyədən keçir. Azərbaycan Mərkəzi Asiyanın türkdilli dövlətlərini Türkiyə ilə, Türkiyə isə Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa ilə birləşdirir. Bu coğrafi mövqe hər iki dövlətə yalnız iqtisadi deyil, eyni zamanda, siyasi üstünlük də qazandırır.
Professor deyib ki, ötən il TDT ölkələrində əhalinin ümumi sayı 180 milyona çatıb, bu ölkələrin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub. 2025-ci ildə bütün Türk dünyası üzrə ümumi daxili məhsul istehsalı artıq 2,1 trilyon dolları ötüb: “Bu, TDT-nin böyük iqtisadi potensialından xəbər verir. Bu gün dünyada baş verən hərbi münaqişələrin nəticəsi olaraq Avropanın enerji təhlükəsizliyi ciddi sürətdə pozulub. Azərbaycan ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarından başqa böyük həcmdə alternativ enerji istehsalı potensialları da var. İstehsal olunan enerjinin Avropaya çatdırılması təkcə iqtisadi dividendlər deyil, siyasi zəmanət və dəstək də qazandıracaq. Bu istiqamətdə artıq işlər həyata keçirilir. Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan alternativ enerji mənbələrindən elektrik enerjisini Avropaya ixrac etmək istiqamətində layihələr hazırlayıb. Güman edirəm ki, bu iş uğurla həyata keçiriləcək”.
O vurğulayıb ki, Azərbaycan və Türkiyənin nəqliyyat və tranzit imkanları da TDT-nin iqtisadi gücünün artması üçün istifadə olunacaq. Bütün bunlar TDT-nin nəinki regional, eləcə də qlobal xarakterli güc mərkəzinə çevrilməsini şərtləndirir. Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizi, “Yaşıl Enerji Dəhlizi” kimi beynəlxalq əhəmiyyətli layihələr Avropa ilə yanaşı ABŞ-nin da marağına səbəb olub ki, bu da həmin layihələrdə iştirak edən dövlətlərin geosiyasi mövqeyini möhkəmləndirir. TDT-ni güc mərkəzinə çevirən önəmli şərtlərdən biri də, üzv dövlətlər arasında heç bir siyasi fikir ayrılığının olmaması, bu dövlətlərin vahid mədəniyyətə, dinə, milli mənəvi dəyərlərə malik olmasıdır”.


