Son günlərdə bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində azalma müşahidə edilir. Əsas azalma isə tərəvəz məhsullarında qeydə alınır.
Aqrarpress.az bildirib ki Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu azalmalar əsasən mövsümi xarakter daşıyır.
Onun sözlərinə görə, hər bir məhsulun yığım mövsümündə bazarda bolluq yaranır, təklif tələbi üstələyir və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur:
“Bununla yanaşı, bəzi hallarda istehsalın düzgün planlaşdırılmaması da qiymətlərin kəskin enməsinə gətirib çıxarır. Məsələn, əgər bir il soğanın qiyməti yüksək olarsa, növbəti il fermerlərin əksəriyyəti həmin məhsulun əkini sahələrini genişləndirir. Nəticədə bazarda soğanın istehsalı tələbi əhəmiyyətli dərəcədə üstələyir. Bu isə qiymətlərin kəskin ucuzlaşmasına, bəzi hallarda isə məhsulun alıcısının demək olar ki, olmamasına səbəb olur. Belə vəziyyət fermerlərin istehsal etdikləri məhsulu sata bilməməsi, məhsulların anbarlarda və ya sahələrdə qalaraq xarab olması ilə nəticələnir. Bunun nəticəsində aqrar sektorun inkişafı məqsədilə dövlət subsidiyalarından yararlanan fermerlər ciddi maliyyə itkiləri ilə üzləşir, bəziləri isə hətta müflisləşmək təhlükəsi qarşısında qalır”.

“Həmçinin bazar proqnozları, gözlənilən tələb və ixrac imkanları barədə fermerlərə operativ məlumat verilməlidir. Bu, onların hansı məhsulu, hansı həcmdə istehsal etməsinin daha səmərəli olacağı barədə düzgün qərar qəbul etməsinə kömək edər. Əgər bazarda tələb və təklif arasında tarazlıq qorunarsa, qiymətlər daha sabit olar. Bu isə həm fermerlərin gəlirlərinin qorunmasına, həm də istehlakçıların kənd təsərrüfatı məhsullarını münasib qiymətlərlə əldə etməsinə şərait yaradacaq. Nəticə etibarilə, bu yanaşma aqrar sektorun dayanıqlı inkişafına və ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək”.


