Ali təhsil müəssisələrinin və kadr hazırlığının inkişafı məsələsinə də toxunuldu.
Eyni zamanda ikili diplom proqramlarının genişləndirilməsi də nəzərdə tutulur. Bu istiqamətdə Oklahoma Universiteti, Türkiyə universitetləri və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir. Bu, aqrar sahədə beynəlxalq standartlara uyğun kadr hazırlığına mühüm töhfə verəcəkdir.
Aqrarpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təqdimatı zaman deyib.
Nazir bildirib ki, peşə təhsili müəssisələrinin genişləndirilməsi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə ciddi iş aparılır və bu da müsbət nəticələr verəcəkdir: “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Universitetin nəzdində Aqrar Kollec artıq fəaliyyətə başlamışdır və bu strukturun aqrar sahə üzrə kadr hazırlığında mühüm rol oynayacağına inanırıq.
Eyni zamanda ADA Universitetinin Boloniya Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramlar mövcuddur. Azərbaycan–İtaliya Universitetinin tərkibində də artıq aqrar ixtisaslar üzrə tədris proqramlarına start verilmişdir.
Ümumilikdə, aqrar sahədə kadr ehtiyacının artacağı gözlənilir. Xüsusilə heyvandarlıq sahəsində ixtisaslaşmış mütəxəssislərə ciddi ehtiyac vardır. Təəssüf ki, mövcud mütəxəssislərin bir hissəsi yaş etibarilə yüksək yaş qrupuna aiddir və orta yaşlı kadrların sayı nisbətən azdır.
Son illərdə aqrar təhsilə marağın artması müşahidə olunsa da, bu sahənin cəlbediciliyinin artırılması, potensialının düzgün izah edilməsi və perspektivlərinin cəmiyyətə çatdırılması istiqamətində davamlı maarifləndirmə işləri aparılmalıdır.
İnanıram ki, sizlər də regionlarda əhali ilə görüşlər zamanı bu məsələyə diqqət yetirirsiniz. Fermerlərlə və vətəndaş qəbulları zamanı mənim də tez-tez verdiyim suallardan biri budur: “Övladlarınız aqrar təhsilə yönəlirmi?”
Əgər bir fermerin övladı aqrar təhsilə maraq göstərmirsə, bu, mənim üçün ciddi siqnaldır. Bu baxımdan, sizin dəstəyinizlə biz bölgələrdə aqrar təhsilə marağın artırılması, gənclərin bu sahəyə yönləndirilməsi və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində daha fəal olmalıyıq”.


