“Novruzda sahibkarların süni qiymət artımına getməsi arzuolunan hal deyil” – Deputat

Bildiyimiz kimi, Novruz bayramı yaxınlaşır. Bu bayram süfrələrinin əsas atributlarından biri də çərəzlərdir. Bayram ərəfəsində çərəzlərə tələbat isə xeyli artır.

Bəs belə olan halda satıcılar niyə məhz bayram öncəsi çərəzlərin qiymətini artırır? Bu artım yalnız tələbin yüksəlməsi ilə bağlıdır, yoxsa bazarda süni qiymət artımı halları da mövcuddur?

Mövzu ilə bağlı Aqrarpress.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, bayramlar ərəfəsində ərzaq məhsullarının qiymətlərində süni artımlar müşahidə olunur:

“Təkcə Novruz bayramında deyil, Yeni il ərəfəsində də bir sıra ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırıldığını görmüşük. Bu vəziyyətin səbəblərindən biri, təbii ki, tələbin artması və gözlənilən yüksək tələbatdır. Lakin nəzərə alsaq ki, Novruz milli bayramdır, bu dövrdə sahibkarların süni qiymət artımına getməsi arzuolunan hal deyil”.

Millət vəkili təklif edir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarlarına nəzarət və monitorinq daha da genişləndirilsin:

“Xüsusilə bayram ərəfəsində monitorinq tədbirlərinin intensivləşdirilməsinə ehtiyac var ki, süni qiymət artımlarının qarşısı alınsın. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi xətti ilə yarmarkaların təşkili və Novruz süfrəsində daha çox istifadə olunan ərzaq məhsullarının bu yarmarkalar vasitəsilə təklif edilməsi məqsədəuyğun hesab olunur. Yarmarkaların sayının artırılması, paytaxtın müxtəlif ərazilərində təşkil olunması, eləcə də yalnız həftə sonları deyil, bayram günlərini də əhatə etməsi vacibdir. Bu yanaşma vətəndaşlara ərzaq məhsullarını daha münasib və optimal qiymətlərlə əldə etmək imkanı yaradar. Nəticə etibarilə, həm süni qiymət artımları ilə mübarizənin gücləndirilməsinə, həm də yarmarkalar vasitəsilə artan tələbin qarşılanmasına ehtiyac var ki, bayram günlərində daha çox istifadə olunan ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilməsin”.

Bənzər xəbərlər