Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 14,8% çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, hesabat dövründə ölkəyə 20,1 min ton ət idxal edilib.
Aqrarpress.az məlumat verir ki Milli Məclisin Aqrar siyasət komitəsibib sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, ölkəyə ət idxalının artması daxili tələbatla əlaqədardır.
Onun sözlərinə görə, əgər ölkə öz tələbatını ödəyə bilmirsə, mütləq xaricdən məhsullar idxal edilməlidir və bu da təbiidir:
“Çünki biz bir çox xarici ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edirik və yaxşı haldır ki, bu məhsulların həcmi ildən ilə artır. Əlbəttə ki, tələbata uyğun olaraq biz xaricdən müəyyən məhsulları idxal etməliyik. İdxalın artması əhalinin çoxalması, digər tərəfdən turistlərin artması, ölkədə bir çox beynəlxalq tədbirlərin keçirilməsi və insanların ət məhsullarından daha çox istifadə etməsi ilə əlaqələndirilə bilər. Göründüyü kimi, biz haradasa ət məhsulları və quş əti məhsulları ilə tələbatı müvafiq olaraq 82 və 95 faiz həcmində təmin edə bilirik. Bu da yaxşı bir göstəricidir. Ancaq əgər tələbat varsa, idxal lazımdır və insanları ehtiyacda qoymaq düzgün deyil”.



