Aqrar sektor ölkə iqtisadiyyatının əsas sahələrindən biridir və dövlətin bu istiqamətə diqqəti ildən-ilə artırılır.
Aqrarpress.az bildirir ki.bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsində kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan vəsaitlər də bu siyasətin davam etdirilməsinə imkan yaradacaq.
Komitə sədri bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsində aqrar sahəyə yönəldilən xərclərin 2026-cı illə müqayisədə 13,5 faiz artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, ayrılacaq vəsaitin mühüm hissəsi mövcud su təsərrüfatlarının idarə edilməsinin təkmilləşdirilməsinə, suvarma sahələrinin genişləndirilməsinə, mütərəqqi suvarma texnologiyalarının tətbiqinə və digər mühüm tədbirlərin həyata keçirilməsinə yönəldiləcək.

T.Rzayev qeyd edib ki, Azərbaycanda su ehtiyatlarının məhdud olması bu istiqamətdə tədbirlərin gücləndirilməsini zəruri edir:
“Su təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi vacib məsələ kimi dövlət proqramında qarşıya qoyulub. Buna görə də bu istiqamətdə maliyyələşmənin artırılması xüsusi əhəmiyyət daşıyır”.
Komitə sədrinin sözlərinə görə, büdcədə heyvandarlığın inkişafı və baytarlıq tədbirlərinin həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə əkin subsidiyalarının verilməsi, qulluq xərclərinin daha dolğun ödənilməsi, eləcə də toxumçuluğun inkişafı üçün zəruri maliyyə vəsaitləri nəzərdə tutulur.
O əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üzrə Dövlət Proqramında müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi də müvafiq maliyyə təminatı tələb edir.
T.Rzayevin sözlərinə görə, bu məsələlər 2027-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapır.
Komitə sədri vurğulayıb ki, aqrar sektor ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, yeni iş yerlərinin yaradılması, regionlarda məşğulluğun artırılması və kənd əhalisinin rifahının yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, regionlarda məşğul əhalinin təxminən 55 faizi bilavasitə kənd təsərrüfatı sahələrində çalışır. Buna görə də büdcədə aqrar sahəyə nəzərdə tutulan vəsait gələcək inkişaf üçün yeni imkanlar yaradacaq, ölkənin iqtisadi inkişafına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək.
T.Rzayev aqrar sektorda görülən tədbirlərin artıq konkret nəticələr verdiyini də bildirib.
Komitə sədri vurğulayıb ki, 2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı üzrə ümumi məhsul istehsalının dəyəri 14 milyard manat təşkil edib:
“2026-cı ilin 8 ayında isə ölkədə 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
Dənli bitkilərin istehsalında da artım qeydə alınıb. Dənli bitkilərin istehsalı ötən illə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı isə hər hektardan 36,3 sentnerə yüksəlib. Son illərdə aqrar sahənin inkişafı ilə bağlı bir sıra qanunlar qəbul edilib, layihələr həyata keçirilib və dövlət proqramları təsdiqlənib. Görülən tədbirlər artıq müəyyən nəticələr verir və dövlət büdcəsində sahəyə nəzərdə tutulan vəsait gələcək inkişaf üçün əlavə imkanlar yaradacaq”.


