Kartof və soğan niyə bahalaşıb? – Komitə sədri səbəbləri açıqladı

Bakıda müxtəlif kənd təsərrüfatı məhsullarının, o cümlədən kartof və soğanın qiymətində müəyyən bahalaşma müşahidə olunur.

Bir müddət əvvəl bəzi satış yerlərində bir manatdan aşağı təklif edilən soğanın qiyməti hazırda 1 manat və daha yuxarıdır.

 

Məsələ ilə bağlı Aqrarpress.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, fermerlər məhsul əkərkən bazardakı mövcud vəziyyəti və gözlənilən tələbatı nəzərə almalı, özləri də təşəbbüs göstərməlidirlər.

 

Onun sözlərinə görə, hansı kənd təsərrüfatı məhsullarının nə qədər əkilməsinə ehtiyac olduğunu müəyyənləşdirmək yalnız bir dövlət qurumunun üzərinə düşməməlidir:

 

“Aqrar sektorda müxtəlif birliklər və assosiasiyalar fəaliyyət göstərir. Onlar da fermerlər arasında daimi maarifləndirmə işi aparmalı və müəyyən mənada koordinasiya rolunu oynamalıdırlar. Fermerlərin bazardakı vəziyyət, hansı məhsullara nə qədər tələbat olduğu və istehsal perspektivləri barədə əvvəlcədən məlumatlandırılması vacibdir”.

 

T.Rzayev hesab edir ki, kənd təsərrüfatı istehsalının daha yaxşı koordinasiya olunması fermerlərin əkin qərarlarının qəbuluna da kömək edə bilər.

 

Komitə sədrinin sözlərinə görə, istehsalçılar hansı məhsulun qiymətinin artmasına yalnız cari bazar vəziyyətindən çıxış edərək reaksiya verdikdə müəyyən disbalans yarana bilər:

 

“Kartof bahalaşanda hamı gedib kartof əkirsə, soğan bahalaşanda isə kütləvi şəkildə soğan əkininə üstünlük verilirsə, bu, düzgün yanaşma deyil. Belə hallarda növbəti mərhələdə bir məhsul həddindən artıq çox istehsal oluna və fermer onun satışında çətinlik çəkə bilər. Digər məhsulların istehsalının azalması isə bazarda qıtlıq yaradaraq qiymət artımına səbəb ola bilər”.

 

T.Rzayev vurğulayıb ki, fermerlərin əvvəlcədən daha dolğun məlumatlandırılması və aqrar birliklərlə istehsalçılar arasında koordinasiyanın gücləndirilməsi bu cür halların qarşısının alınmasına kömək edə bilər.

 

Onun fikrincə, fermer bazarda hansı məhsula nə qədər ehtiyac olduğunu və ölkə üzrə gözlənilən istehsal göstəricilərini nəzərə almaq imkanına malik olduqda əkinlə bağlı qərarlarını daha düzgün planlaşdıra bilər: “Bu isə həm məhsul itkisi riskinin azalmasına, həm də ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə kəskin təklif fərqlərinin yaranmasının qarşısının alınmasına imkan verə bilər”.

Bənzər xəbərlər