Son günlərin yağıntıları bəzi təsərrüfat sahələri üçün faydalıdır – Komitə sədri

Son iki gündə Azərbaycanın bir sıra bölgələrində müşahidə olunan intensiv yağışlar kənd təsərrüfatına mümkün təsirləri məsələsini aktuallaşdırıb. Xüsusilə məhsul yığımının davam etdiyi bir dövrdə yağıntıların pambıqçılığa təsiri, eləcə də digər təsərrüfat sahələri üçün yarada biləcəyi müsbət və mənfi nəticələr diqqət mərkəzindədir.

Aqrarpress.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, hazırkı yağışların qısamüddətli olması kənd təsərrüfatı üçün ciddi təhlükə yaratmır.

Onun sözlərinə görə, bununla yanaşı yağıntıların uzun müddət davam etməsi xüsusilə pambıqçılıqda müəyyən problemlərə səbəb ola bilər: “Şiddətli və davamlı yağışlar bu dövrdə təsərrüfat üçün müəyyən çətinliklər yarada, xüsusilə pambıqçılığa mənfi təsir göstərə bilər. Ancaq hazırkı yağışlar o qədər də uzunmüddətli olmayıb və düşünürəm ki, davamlı xarakter daşımayacaq. Buna görə də indiki mərhələdə heç bir zərərdən danışmaq olmaz”.

 

T.Rzayev qeyd edib ki, hazırda pambıq sahələrində məhsul yığımına hazırlıq işləri aparılır və yağıntılar bu prosesə müəyyən maneələr yarada bilər:

 

“İndi pambıqçılıqda yarpaqların tökülməsi, sahələrin yığıma hazırlanması və digər mühüm işlərin aparıldığı dövrdür. Yağışlar bu işləri çətinləşdirə bilər. Əgər yağıntılar bir neçə gün davam edərsə, pambıqda müəyyən çürümə halları yarana və məhsulun yığılması çətinləşə bilər. Torpaq həddindən artıq yumşaldıqda isə texnikanın sahəyə daxil olması və mexanizmlərin normal işləməsi çətinləşir”.

 

Komitə sədrinin sözlərinə görə, yağıntıların kənd təsərrüfatına təsirini yalnız mənfi qiymətləndirmək də düzgün olmaz: “Yağışlar bəzi təsərrüfat sahələri üçün faydalıdır. Yağıntılar respublikanın bir çox rayonlarını əhatə edib. Bunun müəyyən təsərrüfat sahələri üçün müsbət tərəfləri də var. Xüsusilə otlaq sahələri üçün yağışların yağması faydalıdır. Eyni zamanda, su ehtiyatlarının formalaşması baxımından da yağıntıların əhəmiyyəti var”.

Bənzər xəbərlər