Ərzaq məhsulları yenə bahalaşa bilər: Əmtəə birjalarındakı buğda qiymətləri narahatlıq doğurur

Qeyri-neft sektorunda azacıq canlanma bizi çox sevindirir. Çünki enerji məhsullarının uzaq gələcəyi yoxdur. Ölkə həmişə neft və qaz pullarına güvənərək iqtisadiyyat inşa edə bilməyəcək. Alternativ məhsullar bizi xilas etməlidir. Qeyri-neft sektorunda isə sabitlik gözə dəymir. Meyvə-tərəvəz məhsulları yaxşı gəlir gətirir, amma bütün istiqamətlərdə daimi irəliləyiş yoxdur. Çox şeyi istehsal edə bilmirik və bizə yetərli deyil. Ölkə yenə idxal məhsullarından çox asılı qalıb.

Aqrarpress az xəbər verir ki, ərzaq məhsulları bir az da bahalaşa bilər. Əmtəə birjalarındakı buğda qiymətləri çox narahatlıq doğurur. Son günlər qiymət artımı 17,2 faiz olub. Xüsusilə Çikaqo birjasında böyük bahalaşma müşahidə edilib. Son 3 ilin ən yüksək buğda göstəricisi qeydə alınıb. Qara dənizdə təhlükəsizlik böhranı, hərbi gərginliyin yenidən kəskinləşməsi tədarük zəncirinin qırılması ehtimalı yaradıb. İxrac həcmləri azalıb. İqlim şəraiti də öz işini görüb. Avropa İttifaqının, xüsusilə Fransa və İspaniya kimi böyük istehlakçıların bu mövsüm son illərin ən pis taxıl yığımını həyata keçirdiyi məlumdur. Quraqlığa görə istehsal proqnozlarının aşağı salınması bazarda qıtlıq qorxusunu artırıb. Üstəlik, məhz elə bu səbəbdən Birləşmiş Ştatlarda əkin sahələrində məhsuldarlıq aşağı düşüb.

Ümumiyyətlə, dünyada ərzaq məhsullarının qiymətləri artır. Çünki kənd təsərrüfatında lazımi məhsuldarlıq əldə etmək bahalı əyləncəyə çevrilib. Enerji və gübrə xərcləri çoxalıb. Hətta gübrə qıtlığından danışmaq olar.

Azərbaycan kimi idxaldan həddindən artıq asılı dövlətlər üçün yaxşı xəbərlər deyil. Ərzaq qiymətlərinin artacağına şübhə yoxdur. Onsuz da bahalaşma cəmiyyətdə ciddi narahatlıqla qarşılanır. Vəziyyət yaxşılığa doğru dəyişməyəcək. Yerli un və çörək bazarı baş verənlərdən ciddi təsirlənəcək. İlin sonuna qədər un və un məmulatlarının bahalaşacağını da əminliklə proqnozlaşdırmaq olar.

Bənzər xəbərlər