Kənd təsərrüfatına 2 milyard manatın ayrılması nə vəd edir?
Azərbaycanda “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur. Əlbəttə ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyi üçün vacib əhəmiyyət daşıyır. Kənd təsərrüfatına bu vəsaitin ayrılması həm regionların inkişafı, həm əhalinin məşğulluğunun təmin edilməsi, həm də məhsul bolluğun yaranması baxımından vacib əhəmiyyət daşıyır.
Aqrarpress.az. bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az -a açıqlamasında bildirib ki, kənd təsərrüfatı həm əlverişli, həm də məsuliyyətli və çətin bir sahədir.
Onun sözlərinə görə, bu sahənin inkişafı bilavasitə iqtisadiyyatın sürətləndirilməsi amili ilə sıx əlaqədardır və ölkədə kənd təsərrüfatı sahələrinin şaxələndirilməsi, mühüm tədbirlərin həyata keçirilməsi həm iqtisadi inkişaf baxımından, həm də məşğulluğun artırılması, insanların kənddə məskunlaşması baxımından çox əhəmiyyətlidir:
“Qəbul olunmuş dövlət proqramı Azərbaycanda kənd təsərrüfatının, balıqçılığın və akvakultura məhsulları istehsalının emalını inkişaf etdirmək baxımından çox vacib və strateji əhəmiyyətə malik olan bir sənəddir.
Məlum olduğu kimi, aqrar sektorun inkişafı üçün vəsaitin ayrılması nəzərdə tutulur, nəinki dövlət bu vəsaitlə kifayətlənir, eləcə də müəyyən subsidiyaların, güzəştli kreditlərin ayrılması bilavasitə aqrar sektorun inkişafına yönəldilir. Ölkədə aqrar sektorun inkişafında müəyyən irəliləyişlər var, müəyyən sahələrdə uğurlar qazanılıb. Ancaq ölkə rəhbərinin səsləndirdiyi kimi, bu sürət hələ də qənaətləndirici deyil. Onun dinamikası dövləti qane etmir və ona görə də aqrar sektorda əsaslı tədbirlərin görülməsi nəzərdə tutulub və məhz ona görə də bununla əlaqədar mühüm dövlət proqramı qəbul olundu”.

Komitə sədri söyləyib ki, ayrılan hər bir vəsait səmərəli istifadə olunmalıdır, mühüm sahələrə yönəldilməlidir: “Son illər verilən subsidiyaların əsas hissəsi bitkiçiliyə yönəldilib və müşavirədə səsləndirildiyi kimi, bundan sonra heyvandarlığın, toxumçuluğun inkişafı üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur, subsidiyaya da diqqət verilməsi qərara alınır. Digər tərəfdən, özəl sektor və aqrar sektorun münasibətlərinin yaxşılaşması məsələsi qarşıya qoyulub və buraya müəyyən investisiyaların cəlb edilməsi, investorların bu sahəyə cəlbi qarşıda duran əsas vəzifədir”.
T.Rzayev bildirib ki, ayrılan hər bir vəsait kənd təsərrüfatının inkişafına xidmət edir: “Bu, təqdirəlayiq bir haldır və cənab Prezidentin çıxışında qarşıya qoyulan vəzifələr, eləcə də dövlət proqramında nəzərdə tutulan tədbirlər ölkədə kənd təsərrüfatının gələcəkdə daha sürətlə inkişaf etdirilməsinə hesablanıb. Bu sahədə müvafiq orqanlar, sahibkarlar, eləcə də hər kəs öz vəzifəsini aydın müəyyən etməlidir. Çünki kənd təsərrüfatının inkişafı təkcə bir nazirlikdən asılı deyil. Bu sahə ilə məşğul olan hər bir kəsin vəzifəsidir ki, aqrar sektoru inkişaf etdirməyə, ölkənin ərzaq təhlükəsizliyinə müəyyən töhfə versin. Əlbəttə, aqrar sektorun inkişafı həm insanların maddi vəziyyəti, həm də gələcək perspektiv üçün çox vacibdir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Badamov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kənd təsərrüfatı dövlət dəstəyi ilə əhatə olunan strateji iqtisadi sahələrdən biridir.
Onun sözlərinə görə, dövlət bu sektora təkcə iqtisadi gəlir gətirən fəaliyyət istiqaməti kimi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin əsas dayaqlarından biri kimi yanaşır: “Bu yanaşma təsadüfi deyil. Çünki iqlim dəyişiklikləri, qlobal bazarlarda baş verən dalğalanmalar, geosiyasi risklər və logistika zəncirində yaranan problemlər ilk növbədə aqrar sektora təsir göstərir, nəticədə ərzaq məhsullarının qiymətlərində artım müşahidə olunur. Belə şəraitdə ölkənin daxili istehsal imkanlarının gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə dövlət tərəfindən aqrar sektorun davamlı inkişafının təmin edilməsi, daxili bazarda sabitliyin qorunması və fermerlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində geniş dəstək mexanizmləri tətbiq olunur”.
A.Badamov xatırladıb ki, fermerlərə müxtəlif təyinatlı subsidiyalar verilir, güzəştli kreditlər təqdim olunur, müasir texnika və texnologiyaların tətbiqi təşviq edilir:
“Eyni zamanda, torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı istehsalçıları digər vergilərdən azad olunublar. Bütün bunlar aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasına və istehsalın genişləndirilməsinə xidmət edir. Lakin etiraf etməliyik ki, dövlətin göstərdiyi geniş maliyyə və institusional dəstəyə baxmayaraq, son illərdə kənd təsərrüfatında inkişaf templəri arzu olunan səviyyədə olmayıb və istehsal artımı əsasən eyni səviyyədə qalıb. Bu isə sektorda yeni yanaşmaların tətbiqini, idarəetmənin təkmilləşdirilməsini, innovativ texnologiyaların geniş tətbiqini və investisiya imkanlarının artırılmasını zəruri edir”.
Komitə sədri vurğulayıb ki, bu baxımdan “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur:
“Dövlət Proqramında əsas məqsəd daxili tələbatın daha böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi, aqrar sahədə məhsuldarlığın artırılması, ixrac potensialının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın formalaşdırılması və kənd yerlərində məşğulluğun gücləndirilməsidir.
Dövlət Proqramının icrası çərçivəsində 2030-cu ilədək kənd təsərrüfatı sektoruna ümumilikdə 5,9 milyard manat həcmində investisiyanın yönəldilməsi nəzərdə tutulur. Bunun 2,2 milyard manatının dövlət büdcəsi, 3,7 milyard manatının isə özəl sektor tərəfindən maliyyələşdirilməsi planlaşdırılır. Bu, dövlət və özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Şübhəsiz ki, Dövlət Proqramında müəyyən edilmiş məqsəd və hədəflər kifayət qədər aydın və realdır. Həmin hədəflərə nail olmaq üçün müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması və fermerlərin fəaliyyətini təşviq edən mexanizmlərin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsi təklif olunur. Hesab edirəm ki, həm müasir və çevik qanunvericilik bazasının yaradılması, həm də dövlət və özəl sektor tərəfindən nəzərdə tutulan investisiyaların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində 2030-cu ilədək kənd təsərrüfatı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunacaq, ölkəmizin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək, yerli istehsalın və ixrac potensialının artması isə Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək”.
Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.


