Prezident İlham Əliyevin çıxışı aqrar sahədə yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir – RƏY

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın aqrar siyasətində yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirir.

Bu fikirləri Aqrarpress.az-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, dövlət başçısı çıxışında kənd təsərrüfatının ölkənin iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi və regionların sosial rifahı baxımından strateji əhəmiyyət daşıdığını xüsusi vurğuladı:

“Cənab Prezident İlham Əliyev qeyd etdi ki, “Kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir” və 2004-cü ildən həyata keçirilən regional inkişaf proqramlarının aqrar sektorun inkişafında mühüm rol oynadığını bildirdi. Bölgələrdə həyata keçirilən infrastruktur layihələri kəndlərin sosial-iqtisadi həyatını tamamilə dəyişib: Bütün regionlar siması dəyişmişdir.

Çıxış zamanı ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirildi. Prezident vurğuladı ki, qlobal böhranlar və iqlim dəyişiklikləri fonunda hər bir ölkə daxili istehsal imkanlarını gücləndirməlidir: “Hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.

Dövlət başçısı kənd təsərrüfatında son illərdə müşahidə olunan durğunluğun aradan qaldırılması üçün yeni Dövlət Proqramının hazırlanmasının vacibliyini qeyd etdi. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın aqrar sahədə yeni inkişaf mərhələsi yaradacağı bildirildi”.

S.Hüseynova əlavə edib ki, Prezident İlham Əliyev kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınmasının vacibliyini də diqqətə çatdırdı: “Dövlət başçısı qeyd etdi: “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”. Bu məqsədlə kəndlərdə sosial infrastrukturun, məşğulluğun və xidmət sektorunun inkişaf etdirilməsinin əsas prioritet olduğu vurğulandı.

Çıxışda həmçinin aqroparkların yaradılması, müasir suvarma sistemlərinin tətbiqi, intensiv bağçılıq, istixana kompleksləri və soyuducu anbarların genişləndirilməsi kimi məsələlər ön plana çəkildi. Prezident bildirdi ki, “Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır”.

Dövlət başçısı həm yerli, həm də xarici investorları aqrar sektora daha fəal sərmayə yatırmağa çağırdı. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın beynəlxalq nüfuzu və əlverişli investisiya mühiti kənd təsərrüfatında böyük imkanlar yaradır.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, kənd təsərrüfatının inkişafı Azərbaycanda yalnız iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik, sosial rifah və dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.

Bənzər xəbərlər