“Havaların qeyri-adi keçməsi aprel ayı, xüsusilə yaz ayları üçün xarakterik deyil”.
Son günlər havaların sərin keçməsi və bəzi bölgələrdə intensiv yağıntıların müşahidə olunması yaz fəslinin xarakterik ab-havasını müəyyən qədər zəiflədib. Ümumilikdə, yaz aylarında belə hava şəraiti kənd təsərrüfatı məhsulları üçün müəyyən mənada faydalı hesab olunsa da, yağıntıların normadan artıq və davamlı olması bir sıra mənfi təsirlərə də yol aça bilər. Bəs müşahidə olunan bu hava şəraiti kənd təsərrüfatı məhsullarına konkret olaraq necə təsir göstərə bilər?
Aqrarpress.az bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kənd təsərrüfatının inkişafı həm də təbiətdən, iqlim şəraitindən asılıdır.
Onun sözlərinə görə, bir çox hallarda yağışlar və nəmişlik təsərrüfatlara fayda gətirsə də, bəzən müəyyən çətinliklər də yaradır: “Bu il də normadan artıq yağışlar düşdü və sözsüz ki, bu yağıntılar yer təkində suyun artması, suyun yığılması üçün faydalıdır. Bu, digər tərəfdən taxıl sahələri, pambıq səpini və heyvandarlıq üçün də həddindən artıq xeyirli idi. Ancaq çiçəklənmə və tozlanma dövründə yağışların yağması bir çox meyvə ağaclarına və məhsuldarlığa öz mənfi təsirini göstərir. Demək olar ki, alçaya, əriyə çox ciddi ziyan dəyib. Keçənilki ilə müqayisədə məhsul həddindən artıq azdır və bu hal meyvələrin bazarda, sözsüz ki, bahalaşmasına səbəb olacaq. Çiyələyə də ziyan dəyib. Ümumiyyətlə, bəzi ağacların vaxtında tozlanmaması gələcək məhsuldarlıq üçün bir maneə yaradıb”.

T.Rzayev bildirib ki, intensiv yağıntılar digər tərəfdən taxıl sahələri, otlaqlar və örüş sahələri üçün müsbət təsir göstərib: “Çiyid səpininə başlanılıb və səpin çox yüksək səviyyədə gedir. Sözsüz ki, torpağa düşən çiyid normal dənli olduğu üçün vaxtında cücərəcək, yaxşı boy atacaq. Torpaq artıq öz suyunu götürüb. Digər meyvə ağacları yaxşı su içdilər. Çaylarda da su boldur. Bu, yaxşı haldır”.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov İqtisadiyyat.az-a deyib ki, havaların qeyri-adi keçməsi aprel ayı, xüsusilə yaz ayları üçün xarakterik deyil. Lakin iqlimin xüsusiyyəti ondan ibarətdir ki, çoxillik orta temperatur ayrı-ayrı illərdə normadan həm yüksək, həm də aşağı ola bilər:
“Bu il müəyyən sinoptik amillərdən asılı olaraq aprel ayının son günlərində temperatur normadan bir neçə dərəcə aşağı müşahidə olunub. Əslində bu, anormal hesab edilə bilər. Lakin bu, gələn ilin aprel ayında da havanın eyni cür olacağı anlamına gəlmir. Ayrı-ayrı illərdə temperatur fərqləri daha zəif və ya daha kəskin şəkildə özünü göstərə bilər”.

Şöbə müdiri qeyd edib ki, havaların soyuq və yağışlı keçməsinin kənd təsərrüfatına təsirinə gəlincə, bu şəraitin mənfi tərəfləri mövcuddur: “Yağıntıların uzun müddət davam etməsi və temperaturun aşağı olması vegetasiya prosesini ləngidir. Bu isə bir çox kənd təsərrüfatı bitkilərinin yetişməsində və ümumi məhsuldarlıqda problemlər yarada bilər. Nəticədə meyvə və tərəvəz istehsalı azalarsa, bu, bazarda qiymətlərin artmasına səbəb ola bilər”.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli də İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan üçün aprel-may aylarında keçici soyuqlar, intensiv yağışlar və hətta dolu tamamilə qeyri-adi deyil: “Ölkənin relyefi çox müxtəlifdir: dağlıq, düzən, Xəzər sahili ərazilər var ki, bu da hava şəraitinin bölgədən bölgəyə kəskin fərqlənməsinə səbəb olur. Lakin son 3 ildə bu hadisələrin tezliyi və intensivliyi artıb, bu da qlobal iqlim dəyişikliyinin yerli əksidir”.

İqtisadçı vurğulayıb ki, kənd təsərrüfatına təsir baxımından əsas risk çiçəklənmə dövrünə düşür. Onun sözlərinə görə, əgər soyuq, yağış, dolu və güclü küləklə müşayiət olunan hava şəraiti məhz meyvə ağaclarının çiçəklədiyi dövrə təsadüf edirsə, məhsul itkisi ciddi ola bilir: “Dolu isə həm tərəvəzi, həm meyvəni, həm də üzümü birbaşa zədələyir. Şəki, Gəncə, Quba, Göyçay kimi kənd təsərrüfatı bölgələrinin bu riskə daha çox məruz qaldığını bilirik”.
Ekspert söyləyib ki, qiymətlərə gəlincə, əgər məhsul itkisi regional səviyyəni keçib ümumi tədarükü azaldırsa, yay-payız aylarında müəyyən bahalaşma qaçılmazdır: “Xüsusilə gilas, ərik, şaftalı, alma kimi erkən və orta mövsüm meyvələrinin qiymətinə təsir daha erkən özünü göstərə bilər. Tərəvəz qrupunda pomidor, xiyar, bibər də risk altındadır. Lakin bir amili də nəzərə almaq lazımdır. Azərbaycanda meyvə-tərəvəz qiymətlərinə yalnız yerli istehsal deyil, idxal da ciddi təsir göstərir. Gürcüstan, Türkiyə və İrandan gələn məhsullar yerli çatışmazlığı müəyyən həddə kompensasiya edə bilir. Bu idxal körpüsü qiymət artımını tamamilə önləməsə də yumşalda bilir. Ona görə qiymət artımının miqyasını hələ dəqiq proqnozlaşdırmaq çətindir – bu, daha çox may-iyun aylarının hava şəraitindən asılı olacaq”.


