AQTA-nın mütəxəssisləri özbəkistanlı həmkarları ilə təcrübələrini bölüşüblər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri davam edir.

Aqrarpress.az bildirir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Özbəkistanın Səhiyyə Nazirliyi yanında Sanitariya-Epidemioloji Rifah və İctimai Sağlamlıq Komitəsinin laboratoriyasının fəaliyyəti ilə tanış olub.

Sonra AQTA-nın mütəxəssisləri Heyvan Xəstəliklərinin Diaqnostikası və Qida Təhlükəsizliyi üzrə Respublika Dövlət Mərkəzi, həmçinin Bitki Karantini və Mühafizəsi Agentliyinin Respublika Aqrokimyəvi Analiz Mərkəzinin laborator imkanları, maddi-texniki bazası, işçi heyəti və digər məsələlərlə tanış olublar. Görüşlərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təcrübəsi bölüşülüb, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AQTA-nın nümayəndə heyəti Azərbaycanın qida təhlükəsizliyi sahəsində formalaşdırdığı idarəetmə modelinin Özbəkistanda tətbiqi məqsədilə Daşkənddə işgüzar səfərdədir.

Bənzər xəbərlər