Sahibkarlığın inkişafı iqtisadiyyatın böyüməsi, işgüzar aktivliyin, biznesin çevikliyinin artması deməkdir. 2025-ci ilin ötən dövrü ərzində ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlarımız tərəfindən 50 milyard manatdan çox ümumi daxili məhsul istehsal edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.
O vurğulayıb ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər istehsalı 3,9 faiz artıb.
“Bu sərgidə əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi və neft-qaz amilindən asılılığın mümkün qədər azaldılmasıdır. Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 min vahiddən çox artıb və 2025-ci il iyun ayının 1-nə 1 milyon 867 mini ötüb. Cari il yanvar-may aylarında dövlət büdcəsinə 7,8 milyard manata yaxın vergi daxil olub ki, bu da ötən illə müqayisədə 4,6 faiz artım deməkdir. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşür”, – deyə o qeyd edib.