“Akşam” qəzeti: Naxçıvanın günəş enerjisi Türkiyənin Enerji Strategiyasına töhfə verəcək

Naxçıvan Muxtar Respublikasında (MR) istehsal olunan günəş enerjisinin Türkiyənin enerjipaylayıcı sisteminə verilməsi planlaşdırılır ki, bu da Ankaranın ölkəni böyük enerji mərkəzinə çevirmək planlarına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzetində dərc olunan məqalədə bildirilir.

Məqalədə Bakının yaşıl enerji ixracı planlarına diqqət çəkilir. Nəşr qeyd edir ki, Azərbaycan bərpaolunan enerji mənbələrinə (BEM) investisiyaları artırmaqla təkcə elektrik enerjisinə olan daxili tələbatı ödəməyə deyil, həm də ixrac imkanlarını, o cümlədən Avropaya tədarük imkanlarını artırmağa çalışır.

“Bu strategiya çərçivəsində Türkiyə Azərbaycandan təkcə elektrik enerjisi almayacaq, həm də tranzit regiona çevriləcək. Bu təşəbbüsdə Naxçıvanın xüsusi rolu var”, – deyə qəzet yazır.

Məqalədə Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanovun sözlərinə istinad edilir ki, Türkiyə son illərdə Azərbaycandan elektrik enerjisi alışının həcminə görə liderdir. “Planlara təkcə Gürcüstanın Elektrik ötürücü xəttiinin imkanlarının genişləndirilməsi deyil, həm də Naxçıvan ərazisindən keçən marşrutdan istifadə edilməsi daxildir. Üstəlik, söhbət təkcə muxtar respublikada istehsal olunan elektrik enerjisindən deyil, həm də Azərbaycanın digər bölgələrindən NMR-dən keçən elektrik enerjisindən gedir”, – deyə nazir müavini bildirib.

E.Soltanov Naxçıvanda günəş və külək enerjisinin potensialına da diqqət çəkərək, onun 6 GVt gücündə qiymətləndirildiyini qeyd edib. “Bu həcmin bir hissəsini Türkiyəyə ixrac etmək mümkün olacaq”, – deyə nazir müavini bildirib.

Bənzər xəbərlər