Hər ay 2 milyon talanır: AMB dərhal reaksiya verməli idi

Ən çox oğurluq halları olan banklar haqqında məlumatların hansı qurumlardan əldə edilməsinə aydınlıq gətirilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkədə yazıb:

“Ötən gün Naxçıvanda “Kibersuverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqəti cəlb edən məsələlərdən biri də Daxili İşlər Nazirliyi (DİN) rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-in İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son dörd ayda vətəndaşların bank kartlarından altı milyon manat oğurlanıb.

Nəzərə alsaq ki, bir çoxları ümumiyyətlə kartlarından oğurluq haqqında rəsmi məlumat vermirlər, bu o deməkdir ki, hər ay təxminən iki milyon manat kartlardan talanır.

Əslində, bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi.

Hələlik isə bunlar müşahidə olunmur.

Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq.

Bu nə vaxta qədər belə davam edəcək?

Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcəklər?

Fikrimcə, nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”.

Osman Gündüz banklara, Mərkəzi Banka, ümumiyyətlə hökumətə və cəmiyyətə şərəf gətirməyən bu vəziyyətin düzəlməsi istiqamətində faydalı ola biləcək təklifləri səsləndirib:

“1. Ən çox oğurluq olan banklar haqqında məlumatlar, şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir.

Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi.

Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.

DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın.

Belə olan halda isə bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.

2. Mərkəzi Bank qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdırlar.

“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır.

Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

3. Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.

Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiberprovayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyən bir müddəa yoxdur.

4. Mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.

5. Fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalıdır, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.”.

Bənzər xəbərlər

Şeyxin səlahiyyətləri azaldıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. Axar.az xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib. O

Davamını oxu »