Bal arılarına təhlükə: müharibələr və iqlim dəyişikliyi onların yox olmasını sürətləndirir

Mayın 20-də qeyd edilən Ümumdünya Bal arısı gününə həsr edilmiş və növbəti onilliklərdə bal arıları və digər tozlandırıcıları yeni təhlükələr barədə xəbərdarlıq edən hesabat dərc edilib. “Bee:wild” elmi kampaniyası çərçivəsində hazırlanmış hesabatda, dünyanın on aparıcı eksperti yaxın 5-15 il ərzində tozlandırıcıların yox olmasını sürətləndirə biləcək 12 yeni amili açıqlayıb. Hesabatda həmçinin, bu həyati əhəmiyyət daşıyan canlıları qorumaq və onların tənəzzülünün qarşısını almaq yolları da təklif edilir.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, bal arıları, kəpənəklər, quşların və yarasaların bəzi növləri, çiçəkli bitkilərin demək olar ki, 90 faizinin, dünyanın əsas kənd təsərrüfatı bitkilərinin dörddə üçündən çoxunun tozlanmasını təmin edərək, ekosistemlərdə və kənd təsərrüfatında əvəzsiz rol oynayır. Bununla belə, yaşayış yerlərinin itirilməsi, pestisidlərdən istifadə, iqlim dəyişikliyi və invaziv növlər artıq onların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Bəzi bal arıları növləri isə hətta yoxa çıxıb.

“Qlobal tozlandırıcıların qorunub saxlanması üçün yaranan təhdidlər və imkanlar” adlı hesabatda qeyd edilir ki, vəziyyəti daha da pisləşdirə biləcək əlavə risklər yaranır. Məsələn, müharibələr və digər münaqişələr ölkələri yetişdirdikləri məhsulların müxtəlifliyini azaltmağa məcbur edir, bu da tozlandırıcıları mövsüm boyu qidasız qoyur. Avropada arı pətəklərini çirkləndirən mikroplastiklər də ciddi təhlükə yaradır. 315 pətək üzərində aparılan sınaqlar göstərdi ki, onların əksəriyyətində PET plastik kimi sintetik materiallar var. Gecələr süni işıqlandırma çiçəklərə gecə tozlandırıcılarının baş çəkməsini 62 faiz azaldır. Bu da güvələrin və digər gecə həşəratlarının tozlanma prosesindəki roluna təsir göstərir. Antibiotiklərlə çirklənmə bal arılarının davranışını pozur, onların fəallığını və tozlandırma tezliyini azaldır. Hava çirklənməsi tozlandırıcıların sağ qalmasına və artmasına mənfi təsir göstərir.

Tədqiqatın aparıcı müəllifi və “Bee:wild”ın Elmi Məsləhət Şurasının sədri, Redinq Universitetinin professoru Saymon Pottsun dediyinə görə, “gələn təhlükələrin erkən müəyyən edilməsi və tozlandırıcıları qorumaq yollarının axtarışı gələcək ciddi itkilərin qarşısını almaq üçün əsasdır”. O, əlavə edib ki, vaxtında görülən tədbirlər zərəri azaltmağa imkan verəcək və tozlandırıcılara həm təbiətdə, həm də kənd təsərrüfatında mühüm işlərini davam etdirməyə kömək edəcək.

Hesabat həmçinin, biomüxtəlifliyin qorunması üçün təkmilləşdirilə biləcək iqlim hərəkətləri ilə bağlı təhlükələri də qeyd edir. Məsələn, karbonu tutmaq üçün çiçəkli ağacların qarışıq növlərinin, eləcə də çiçəkləməyən ağacların əkilməsi tozlanma imkanlarını bərpa edə bilərdi.

Hesabatda tropiklərdə tozlanmada mühüm rol oynayan neştərsiz bal arılarının qorunmasına xüsusi diqqət yetirilir. Onların qorunması üçün şəhər bağlarının yaradılması, təbii ekosistemlərin bərpası və yaşayış yerlərinin qorunması təklif olunub. Tozlandırıcılar populyasiyalarının izlənməsi üçün süni intellektin tətbiqi də perspektivli istiqamət kimi qiymətləndirilir.

Bənzər xəbərlər

Şeyxin səlahiyyətləri azaldıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib. Axar.az xəbər verir ki, bununla bağlı QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının bugünkü geniş iclasında bildirib. O

Davamını oxu »