Tofiq Musayev: Azərbaycan II Dünya Müharibəsi dövründə iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayıb

“İkinci Dünya müharibəsi bəşəriyyətə saysız-hesabsız kədər gətirib. Onun miqyası, dağıntısı və insan itkisi misilsiz olub”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT Baş Assambleyasının İkinci Dünya müharibəsinin qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, müharibədə on milyonlarla insan həlak olub, şəhərlər xarabalığa çevrilib. Onun sözlərinə görə, müharibənin dəhşətləri və onun saysız-hesabsız qurbanlarının xatirəsi heç vaxt unudulmamalıdır. Tofiq Musayev əlavə edib ki, İkinci Dünya müharibəsi hər bir ölkəyə, xalqa, o cümlədən Azərbaycana da təsir göstərib.

“Müharibə hər bir azərbaycanlı ailəsində iz buraxdı. Azərbaycanın ovaxtkı 3,4 milyon əhalisindən 700 minə yaxın oğul və qızı cəbhəyə səfərbər edilmişdi. 350 mindən çox insan qurban oldu. Qələbə təkcə döyüş meydanında deyil, həm də arxa cəbhənin sarsılmaz iradəsi və fədakarlığı nəticəsində əldə olunub. Azərbaycan müharibə dövründə iqtisadiyyatın təmin edilməsində mühüm rol oynayıb. Paytaxt Bakının neftçiləri gecə-gündüz zəhmət çəkərək orduda istifadə olunan xam neftin 80 faizindən çoxunu, sürtkü yağlarının 96 faizindən çoxunu istehsal ediblər. Müharibə illərində Azərbaycanda 130-dan çox növdə hərbi texnika, silah və sursat istehsal edilib. Xalqımız ehtiyacı olanlara evini açıb, humanitar yardım göstərib. Təkcə Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi ki, burada 440 mindən çox yaralı əsgərə tibbi yardım edilirdi”,- deyə Tofiq Musayev bildirib. Onun sözlərinə görə, gələcək nəsilləri müharibə bəlasından xilas etmək istəyi Birləşmiş Millətlər Təşkilatının yaradılmasına və beynəlxalq insan hüquqları və beynəlxalq humanitar hüququn inkişafına səbəb olub. Diplomat əlavə edib ki, sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, insan hüquqlarının və ədalətin təşviqi ilə bağlı məsələlərdə ayrıseçkilik və ikili standartlara yer yoxdur. Biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliyimizi bir daha təsdiq etməli və münaqişələrin qarşısının alınması və nizamlanması, ciddi cinayətlərə görə cəzasızlığa son qoyulması, dezinformasiya ilə mübarizə, əməkdaşlığın gücləndirilməsi və sülh, ədalət və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq üçün qətiyyətimizi gücləndirməliyik”, – deyə səfir qeyd edib.

Bənzər xəbərlər