Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması sahəsində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə növbəti görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, “Cengiz İnşaat Sanayi ve Ticaret Anonim Şirketin”in və “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi Şirkətin”in ölkəmizdəki filialları və “Körpü-Bina-Tikinti” MMC-nin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdışa dair Dövlət Proqramı”nın icrası işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən aktiv məşğulluq proqramlarını diqqətə çatdırıb. O, işəgötürənlərlə sıx əməkdaşlıqda həyata keçirilən bu proqramların getdikcə daha da genişləndirildiyini vurğulayıb.

Görüşdə işğaldan azad olunan ərazilərdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan sakinlərin məşğulluqlarının təmin olunması sahəsində görülmüş işlər, bu sahədə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri müzakirə olunub.

Bənzər xəbərlər