May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bu məlumatın yayılmasına səbəb “Azərbaycan Dəmir Yolları”na aid sürət qatarının Tbilisidə görünməsi olub.
İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tbilisiyə göndərilib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.
“Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır”, – deyə B.Hacıyev bildirib.