Bu ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Cari ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib. Bu, rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 milyard 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 milyard 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan transfert isə 3 milyard 620,3 milyon manat həcmində olub.

2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat, yəni 98 faiz icra edilib. Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2 faiz, yəni 165 milyon manat az yerinə yetirilib.

Bənzər xəbərlər

Cari il aprelin 15-16-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan bu günə olan son dəqiq məlumatlara görə, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Bu müraciətlərin 512-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 157-si “Daşınmaz əmlakın icbari sığortası” növü, 77-si “Kasko” sığorta növü, 21-i “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Bundan əlavə, “Fərdi qəza sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinin hər biri üzrə isə 1 hadisə qeydə alınıb. Sektordan aldığımız məlumata görə, 294 hadisə üzrə ehtimal olunan zərər məbləği 241 min 30 manat həcmində müəyyən olunub. Qalan 475 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 1 milyon manatı ötəcəyi ehtimal edilir. “Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 faizi paytaxt Bakıda, 30 faizi isə respublikanın digər bölgələrində qeydə alınıb”,- deyə məlumatda qeyd olunub.

Cari il aprelin 15-16-da ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq intensiv yağışlar nəticəsində bir sıra hadisələr qeydə alınıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a

Davamını oxu »