Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkilata üzv və müşahidəçi dövlətlərin “OTS Made” (TDT İstehsal) brendinin yaradılması ilə bağlı iclası iclası keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətli nümayəndələri və aidiyyəti qurumların ekspertləri iştirak edir.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli ölkədə aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycanda aqrar sahədə məhdud torpaq və su resurslarından səmərəli istifadə etməklə daha çox kənd təsərrüfatı məhsullarının istehsalı, iqlimə uyğun yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının çeşidinin və coğrafiyasının şaxələndirilməsi yolu ilə aqrar sahənin dayanıqlı inkişafı üçün zəruri tədbirlər həyata keçirilir. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduğunu diqqətə çatdıran Aparat rəhbəri əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Xarici biznes subyektləri etibarlı və əlverişli biznes mühitindən yararlanaraq bütün imkanlardan bərabərhüquqlu şəkildə faydalana bilər.
Türk dövlətlərinin böyük aqrar potensiala malik olduğunu deyən Azad Cəfərli qeyd edib ki, TDT-yə üzv və müşahidəçi dövlətlərin birgə brend altında kənd təsərrüfatı və qida məhsullarının istehsalı ilə bağlı müxtəlif layihələri həyata keçirməsi mühüm əhəmiyyət kəsb edir. TDT ölkələri iqtisadi, aqrar potensial, investisiya və mövcud nəqliyyat infrastruktur imkanlarından və qarşılıqlı faydalı əməkdaşlıqdan səmərəli istifadə etməli, istehsal və ixrac modulunun yaradılmasında birgə səy göstərməlidir.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının layihə direktoru Fərrux Cumayev təşkilata üzv ölkələr tərəfindən “OTS Made” brendi altında birgə istehsal imkanları məsələsinə toxunub. Layihə direktoru TDT ölkələri arasında mövcud bazar, tələb və istehsal gücü barədə iclas iştirakçılarına ətraflı məlumat verib. O, aqrar sahənin TDT ölkələri arasında əməkdaşlıq üçün strateji sahələrdən olduğunu və mövcud imkanlardan faydalanmağın vacib olduğunu deyib.
İclasda Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktor müavini Namiq Şalbuzovun “OTS Made” brendi altında istehsal olunan məhsulların statistik məlumat bazasının yaradılması, o cümlədən Azərbaycan, Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Respublikasının rəsmilərinin, eləcə də ölkəmizin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin vahid brend altında istehsalı ilə bağlı təqdimatları dinlənilib.
İclasda TDT ölkələrində vahid brend altında istehsalın yaradılması ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları kənd təsərrüfatı və emalı məhsullarının birgə istehsalı məqsədilə ilkin mərhələdə Yol Xəritəsi layihəsinin hazırlanması barədə razılığa gəliblər.
TDT ölkələrinin nümayəndələri Quba və Qusarda nümunəvi təsərrüfatlara baş çəkib aqrar fəaliyyətin təşkili prosesi ilə maraqlanıblar. Səfər iştirakçıları Meyvəçilik və Çayçılıq İnstitutunun fəaliyyəti ilə də tanış olub, institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, istixana-tingçilik kompleksinə baxış keçiriblər. Qonaqlara bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyası, aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib.