İyunun 13-də ölkə üzrə taxıl biçininə 1243 kombayn cəlb olunub
Ölkədə mövcud olan taxılyığan kombaynların 69 faizi hazırda taxıl biçinində iştirak edir.
Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 13-də ölkə üzrə taxıl sahələrinin biçilməsinə 1243 kombayn cəlb olunub. Bunlardan 509-u “Aqroservis” ASC-nin, 734-ü isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.
Artıq payızlıq əkin sahələrinin 16,9 faizində biçin başa çatıb. Bugünədək 170 124 hekar sahədə biçin aparılıb, sahələrdən 26 324 ton buğda və 469 562 ton arpa yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28,9 sentner, buğda üzrə isə 34 sentner təşkil edir. Arpa sahələrinin 37,9 faizində, buğda sahələrinin isə 1,3 faizində biçin yekunlaşıb.