Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AKİA-nın Dövlət dəstəyi, Kredit, Maliyyə və uçot, Nəzarət və qiymətləndirmə, Layihə və proqramlar, eləcə də Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri Adil Məmmədov dünyada və ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlərdən bəhs edib. Şöbə müdiri bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqlarının təmin olunması, vətəndaş cəmiyyəti yaradılması istiqamətində mühüm addımlar atılıb. 12 noyabr 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi – referendumla qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilib. Konstitusiyanın qəbulu milli dövlətçilik tarixində yeni bir mərhələ açıb, dövlət quruculuğunun, ictimai-siyasi, iqtisadi və mədəni həyatımızın inkişafına təkan verib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalanıb, Ümummilli Liderin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair” Dövlət Proqramı təsdiqlənib. Qeyd olunan Dövlət Proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edilib.
Adil Məmmədov əlavə edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquqi islahatlar insanların əsas hüquq və azadlıqlarının təmininə, sosial rifah halı, layiqli həyat səviyyəsinin yüksəldilməsinə, vətəndaş məmnunluğuna, hüquq bərabərliyinin qanunvericilikdə, icra və məhkəmə sistemində təmininə, habelə dayanıqlı inkişafa yönəlib. Vurğulanıb ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində hüquqi dövlət quruculuğu və qanunun aliliyi təmin olunur.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Tədbirdə çıxış edən natiqlər insan hüquq və azadlıqlarının müdafiəsi barədə qəbul olunmuş normativ hüquqi sənədlər, habelə AKİA-ya daxil olan vətəndaş müraciətlərinin vaxtında cavablandırılması, icrasına nəzarətin təmin olunması barədə məlumat veriblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.