Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) Baş direktoru Berik Arın ilə görüşüb.
Nazir müavini İlhamə Qədimova Azərbaycanın regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu qeyd edib, iqtisadiyyatın şaxələndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb. Ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan söz açan nazir müavini Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Nazir müavini əlavə edib ki, aqrar sahədə qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir. Görüşdə Azərbaycanın IOFS ilə kənd təsərrüfatı sahəsində səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğu vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aqrar sahə və kənd yerlərinin inkişafı istiqamətində IOFS ilə gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir müavini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.
Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) Baş direktoru Berik Arın öz növbəsində rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi proqramlar haqqında məlumat verib. Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayan qonaq aqrar sahədə əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib. O, COP29 çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlərə dəstək verməyə hazır olduqlarını bəyan edib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.