İyunun 8-də Yevlax rayonu ərazisində güclü külək əsməsi və şiddətli yağış yağması nəticəsində elektrik və su təsərrüfatına ciddi ziyan dəyib. Belə ki, elektrik dirəkləri və ağaclar aşıb, kabellər zədələnib, rayonun elektrik enerjisi ilə təminatında fasilələr yaranıb. Kanalizasiya xətləri su axınını çatdırmadığından yağıntılar küçələrdə və prospektlərdə yığılıb, gölməçələr yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, şəhər Fövqəladə Hallar Komissiyasının operativ reaksiyası nəticəsində ərazilərə Mənzil Kommunal Təsərrüfatı Birliyinin canlı qüvvəsi və texnikaları, aidiyyəti xidmət sahələrinin işçiləri cəlb olunub. Yaranmış fövqəladə vəziyyətin qarşısının alınması üçün kommunal xidmət sahələri ilə yanaşı, şəhər sakinləri də xüsusi əzmkarlıq nümayiş etdirirlər. Hazırda elektrik təsərrüfatının bərpası, həmçinin küçələrə, prospektlərə və sakinlərin evlərinə dolmuş sel sularının nasoslar vasitəsilə kənarlaşdırılması istiqamətində işlər həyata keçirilir, aşmış ağaclar ərazidən daşınır.