Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, güzəştli şərtlərlə kreditin alınması, Kəlbəcər yaylaqlarına heyvanların Ağdərə yolu ilə aparılması, pambıq və barama məhsulları üçün subsidiyanın ödənilməsinə köməklik göstərilməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra yerli təsərrüfatlara baxış keçirilib. Agentlik sədri Beyləqan şəhəri ərazisində yerləşən fermer Simran Quliyevə məxsus taxıl sahələrinə baş çəkib, mövsümi aqrotexniki qulluq tədbirləri, eləcə də əkilmiş taxıl sortları ilə maraqlanıb, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli həyata keçirilməsi üçün AXA-nın göstərdiyi xidmətlər barədə məlumat verib.
Sonra Sərdar Hacıyev Beyləqan şəhəri ərazisində yerləşən fermer Rəşad Quliyevə məxsus olan iribuynuzlu heyvandarlıq təsərrüfatında olub, heyvanlarda aparılan profilaktik peyvəndlənmə tədbirləri, saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.