2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli aprelin 25-də Ağsu Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağsu və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, texnika ilə təminat və digər məsələlərlə bağlı olub.
Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Daha sonra Azad Cəfərli rayonun Navahi kəndində fermer Urfani Teymurovun intensiv meyvə bağına baş çəkib, bağda aparılan mövsümi işlərin gedişi ilə maraqlanıb. Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.