Azərbaycanda üzümçülük — Azərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi.
Aqrarpress.az xəbər verir ki, Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı.
Azərbaycanda cır meşə üzümünün geniş yayılması, bu ərazidə üzümçülüyün qədimlərdən mövcud olmasını bir daha təsdiq edir. Cır üzümün yarpağı və giləsi mədəni üzümə nisbətən kicik, az şirəli və həm də bir qədər turş olması ilə seçilir. Cənubi Qafqaz, o cümlədən Azərbaycan yabanı və mədəni üzümün yetişməsi üçün ən münasib ərazi hesab edilir.
Azərbaycanda üzümçülüyün yaranması tarixi hələlik dəqiq öyrənilməmişsədə onun bu ərazidə yayılmasını hələ İlk Tunc dövrünə, daha dəqiq desək, e.ə. III minilliyin başlanğıcına aid etmək mümkündür. Bu fikri qonşu ərazidən tapılan bəzil tutarlı dəlillər təsdiq edir.
Ağdam rayonu ərazisində Üzərliktəpə qədim yaşayış yerindən e.ə. II minilliyin ortalarına aid təbəqədən başqa bitki qalıqları ilə yanaşı üzüm tumları da aşkar edilmişdir. Bu üzüm “Vitis Vinifera” növünə mənsubdur. Bu isə İran və Cənubi Qafqaz ərazisində üzümün ən qədim növü sayılır.
Üzümçülüyün Azərbaycanda qədim tarixi olmasını gostərən qiymətli materiallardan biri də Xanlar rayonu yaxınlığında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olan qədim yaşayış yerinin 118 №-li binasında iri təsərrüfat küpünün içindən tapılan üzüm tumlarıdır. Bu tumlar da ən qədim növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Bu iri küpdən tapılan üzüm tumları bu ərazidə təkcə üzümçülüyün deyil, həm də şərabçılığın varlığına işarədir. Bu baxımdan Xanlar rayonu ətrafında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid bir kurqandan tapılan qara küpün icərisindən üzüm tumları ilə yanaşı, şərab qalığı cöküntülərinin tapılması müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycanda üzümçülüyün və şərab sənayesinin inkişafında alman koloniyalarının müstəsna xidmətləri olub. Üzümün şərabçılıq məqsədilə becərilməsində böyük işlər görən almanlar Helenendorfda (indiki Göygöl şəhəri) 1828-ci ildən məşhurlaşmağa başlayıblar. O vaxta qədər yerli əhali tərəfindən üzümün bir neçə sortu əkilib becərilsə də, ondan daha çox yemək üçün istifadə edilirdi. Ancaq alman Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş şöhrət qazanmışdır.
Xristofer Forerin bütün koloniyaçılar kimi, 7 desyatin torpaq sahəsi var idi. Forer 1 desyatin torpaq sahəsində ailəsi üçün üzüm əkir, məhsulun bir hissəsindən şərab hazırlayırdı.
1856-cı ildə fransız ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən Gəncədə bir neçə günlük qonaq olurlar. Onlar Azərbaycan xörəklərindən yedikdən sonra şərab da dadmaq istəyirlər. Lakin müsəlman etiqadlı şəhər sakinlərindən şərab tapmaq mümkün olmadığından gəncəlilər fransızlara yaxınlıqda yerləşən Helenendorfa getməyi məsləhət bilirlər. Fransızlar Forerin evinə gələrək şərabın dadına baxdıqdan sonra “sizin şərabınız bizim Burqund şərabına bənzəyir” deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər şərab alırlar. Fransızların bu sözü Forerdə öz işinə inam yaradır, gələcək fəaliyyətini müəyyənləşdirməyə kömək edir. Bundan sonra o, özünü tamamilə mürəkkəb, zəhmətli, lakin cəlbedici və maraqlı işə – şərabçılığa həsr edir. 1852-ci ildə ilk dəfə Kaxetiyadan Helenendorfa Tavkveri üzüm növünün çubuqlarını gətirir. Həmin üzüm növü həm məhsuldar idi, həm də ondan dadlı, tünd qırmızı rəngdə şərab alınırdı.
1860-cı il Azərbaycanda əsası helenendorflu alman sahibkarı Forer tərəfindən qoyulmuş iri şərabçılıq sənayesinin təşəkkülü ili olur və həmin ildən də Forer şərab satışı ilə məşğul olmağa başlayır. Artıq fəaliyyətə başladığı ildə Forerin 18 desyatin üzüm bağı var idi. İki ildən sonra alman sahibkar “Forer qardaşları” səhmdar cəmiyyətini yaradır. O, üzüm plantasiyalarının sahəsini davamlı surətdə artırır. Alman sahibkar 1886-cı ildə yerli maldarların qış otlaqları kimi istifadə etdikləri Qarayeri deyilən yerdən 900 desyatin torpaq sahəsi alır. Lakin həmin torpaqları istifadə etmək mümkün deyildi. Torpaqları kol-kos basmış, susuz sahədə ilanlar məskunlaşmışdı. Forer ilanları məhv etmək üçün sahəyə donuz sürüləri buraxır. Donuzda ilana qarşı reaksiya güclü olduğundan, o, ilanı görən kimi tapdalamağa başlayır. Şübhəsiz ki, ilan da donuzu dişləyir. Lakin donuzun ayağındakı qalın piy qatı onu ilanın zəhərindən qoruyurdu. Beləliklə, donuzlar ilanları məhv edir. Sahələr isə kol-kosdan təmizlənir. Sahələrdə kəhriz qazılaraq su məsələsi də həll edilir və torpaq üzüm əkini üçün tam yararlı vəziyyətə gətirilir. Beləliklə, Forerin Qafqazın ən böyük sərmayəyə malik şərab şirkətinə sahib olması heç də təsadüfi deyildi. Bu sahədə bütün istehsal təşəbbüsləri, yaradıcılıq və liderlik məhz ona məxsus idi.
Məlumatlara görə, həmin dövrdə üzüm bağlarının sadəcə 6 faizi almanların olsa da, helenendorflu Forer və Hummel qardaşları bu kiçik sahədə bütün Qafqazda hazırlanan şərabın 58 faizini istehsal ediblər. Bu da onunla əlaqədardır ki, yerli fermerlər üzüm bağlarını şimaldan cənub istiqamətində əkirdilərsə, almanların bağları qərb-şərq istiqamətində idi. Bu isə küləyin bağlar arasında rahatca keçərək üzüm tənəklərinə daha az ziyan vurmasına səbəb olmuşdur.
Azərbaycanda çox sayda üzüm növləri yetişdirilmişdir. Onlar öz adlarını əksər hallarda malik olduğu bu və ya digər xüsusiyyətə uyğun almışdır. Məsələn, rənginə görə: (qara, ağ, sarı, sarıgilə, bənövşəyi, göygəzəndən, qarasərmə və s.); keyfiyyətinə,dadına, rayihəsinə görə (gilabi, kişmişi, şəkəri, təmbəi, şirəyi, kərimqəndi); giləsinin ölçüsünə görə (quşurəyi, misqalı, yülküquyruğu, dəvəgözü, tüləğözü, keçiməməsi-inəkəmcəyi, gəlinbarmağı-xatınbarmağı); toxumlarının böyüklüyü və salxımlarının formasına görə (sapdadurmaz, haçabaş, bəndi, təbərzə). Bir sıra üzüm növlərinə isəyetişdirildikləri yerlərə uyğun adlar verilmişdir: “Arazbarı“, “Beyləqani“, “Təbrizi“, “Şabranı“, “Dərbəndi“. “Ordubadi“. “Şirvanşahı“, “Tatlı“, “Mərəndi“, “Mədrəsə“, “Şahtaxtı” və s.
Dünyada “Şirvanşahı” növü ilə rəqabətə girə biləcək üzüm sortu axtarmaq əbəs bir işdir.Bu növdən hazırlanan “Kürdəmir kaqoru dünyanın sayılan şərab növləri siyahısına daxil olmuşdur. Bununla birgə, ölkəmizdə bu və ya digər üzüm sortunu yetişdirən insanların şərəfinə adlandırılmış növlər də az deyil. “Xəlili” (Ağ Xəlili, Qara Xəlili, “Hüseyni“, “Əsgəri“, “Səkinə xanım“, “Muxtarı“, “Ağadayı“, “Mələyi” növləri bu deyilənlərə sübütdur.
Təcrübəli Azərbaycan üzümçüləri yerli üzüm növləri ilə yanaşı. digər ölkələrdən gətirilmiş növləri də ustalıqla yetişdirə bilmişlər. Onların arasında Gürcüstandan gətirilmiş “Rkatsiteli“, “Tavkeri“; Krımdan gətirilmiş “Muskat“, “Berdo“, “Pino“; Avropadan gətirilmiş “Kaberne“, “İzabella“, “Risling“, “Aliqote“, növlərinin adlarını xüsusilə qeyd etmək olar. Bu növlərin yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi öz bəhrəsini vermişdir.