Aqrarpress.az xəbər verir ki, maldarlıq ən qədim dövrlərdən bəri insanları həyat üçün zəruri olan yaşayış vasitələri ilə təmin etdiyinə görə, əkinçilikdən sonra onun böyük iqtisadi əhəmiyyəti olmuşdur. Dünyanın bir çox ərazilərində olduğu kimi Azərbaycanın əlverişli iqlim və münasib təbii-coğrafi şəraiti burada maldarlığın inkişafına səmərəli təsir göstərmişdir. Maldarlıqla bağlı olan təsərrüfatçılığın spesifik xüsusiyyətləri məhz bu zəmin əsasında təşəkkül tapmışdır. Maldarlıq təsərrüfatı xalqımızın iqtisadi tarixinin inkişafında böyük həyati əməli əhəmiyyət kəsb etmişdir.
Azərbaycan həm də ən qədim qoyunçuluq ölkələrindən biri kimi tanınır. Azərbaycanın təbii-coğrafı şəraiti bu ərazidə qoyunçuluğun yaranmasına və inkişafına xüsusi təsir göstərmişdir.
Minilliklər boyu xalqımız qoyunçuluqla məşğul olmuş və ondan bol məhsul götürmüşlər. Ona görə də qoyuna həmişə qulluq göstərmiş və onun sağlam olmasına çalışmışlar. Azərbaycanın əlverişli təbii-coğrafı şəraiti xırdabuynuzlu heyvanlara o qədər də böyük qulluq göstərməyi tələb etmir.
Atçılıq heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilmişdir. Canlı hərəkət vasitəsi kimi atdan istifadə olunması, istehsal qüvvələrinin inkişafı ilə əlaqədar olaraq xeyli dəyişmişdir. Sürətli yerişə, qüvvə və davamlılığa, gözəlliyə malik olduğu və eləcə də fermer təsərrüfatının ayrı-ayrı sahələrində kənd təsərrüfatı işlərinin görülməsində böyük rol oynadığı üçün, müasir maşın və texnikadan istifadə ilə yanaşı atçılıq əvəzedilməz bir qüvvədir.Azərbaycan Respublikasında hazırda milli at cinsindən olan Qarabağ, Dilbaz, Quba, Şirvan və digər yerli atlar yetişdirilir.
Respublikada əhalinin quşçuluq məhsullarına olan tələbatını ödəmək məqsədilə sənaye quşçuluğun daha da inkişaf etdirilməsi daima dövlətin diqqət mərkəzindədir.
Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta, Azərbaycandan xarici ölkələrə də arıçılıq məhsulları (bal, mum) satılmışdır. Dahi şair və mütəfəkkirlərimiz Nizami və Xaqani Azərbaycan balını ilhamla tərənnüm etmişlər.
Azərbaycanın Astara, Şamaxı, Quba, Qusar, Qarabağ, Şəki, Zaqatala, Daşkəsən, Lerik,
Lənkəran, Kəlbəcər, Laçın və s. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir. Daşkəsən rayonunu Qabaqtəpə kəndinin ərazisində yetişdirilən arı növü (populiyasiyası) ölkədən kənarda da tanınır.
Ölkəmizdə heyvandarlıq məhsulları istehsalının əsasını maldarlıq təşkil edir. Hazırda bütün təsərrüfat kateqoriyaları üzrə qaramalın sayı 2697,5 min baş, o cümlədən inək və camışların sayı 1299,2 min baş təşkil edir.
Azərbaycanın ət balansında mal ətinin xüsusi çəkisi 44 faiz, istehsal olunan südün isə 98 faizi inək və camışların payına düşür. Bu o deməkdir ki, ölkənin ərzaq təhlükəsizliyini maldarlığın inkişafı müəyyən edir.
2014-cü ildə ölkə üzrə kəsilmiş çəkidə 291,2 min ton mal əti və 1855,8 min ton inək və camış südü istehsal olunmuşdur. Qeyd etmək lazımdır ki, ət və süd istehsalının inkişaf etdirilməsi imkanlarından lazımi səviyyədə istifadə olunmalıdır. Azərbaycanda ət və süd istehsalında dinamik artım olsa da inək və camışların məhsuldarlıq göstəriciləri aşağıdır. Mövcud yemləmə və saxlama şəraiti heyvanların məhsuldarlığının yüksəldilməsinə ləngidici təsir göstərir. Hazırda ölkəmizdə olan qaramal naxırının xeyli hissəsi cins və cinsi yaxşılaşdırılmış kontingentdən ibarətdir.
Respublikanın ayrı-ayrı regionlarında damazlıq heyvandarlığın daha da inkişaf etdirilməsi, yüksək məhsuldarlıq göstəricilərinin əldə edilməsi imkan verir ki, qaramalın potensialından maksimum istifadə etməklə daha çox heyvandarlıq məhsulları istehsalı təmin olunsun.
Qaramalın yemləndirilməsini düzgün təşkil etməklə və damazlıq işini daha da təkmilləşdirməklə, məqsədyönlü damazlıq seleksiya işlərinin aparılması nəticəsində mövcud naxırlarda hər inəkdən orta hesabla 3000-3500 kq süd sağmaq və ətə verilən hər baş malın orta diri çəkisini 400-450 kq-a çatdırmaq mümkündür. Xüsusilə, Abşeron, Salyan, Neftçala, Sabirabad, Şəki, Zaqatala rayonlarında qaramalın məhsuldarlığı potensialından maksimum istifadə etməyə real şərait vardır.