AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun kəndli (fermer) təsərrüfatlarının* təşkilinin və fəaliyyətinin iqtisadi, sosial və hüquqi əsaslarını müəyyən edir.
Qanun Azərbaycan Respublikası vətəndaşlarının kəndli təsərrüfatları yaratmaq hüququnu elan edir, bu hüquqa təminat verir və təsərrüfatçılığın digər formaları ilə yanaşı, onların bərabər inkişafı üçün şərait yaradılmasına yönəlmişdir.
I bölmə
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Kəndli təsərrüfatı haqqında qanunvericilik
Kəndli təsərrüfatının təşkili və fəaliyyəti ilə əlaqədar olan münasibətlər bu Qanunla və kəndli təsərrüfatı haqqında digər qanunvericilik aktları ilə, eləcə də respublikada onlara uyğun olaraq qəbul edilmiş başqa aktlarla nizama salınır.
M a d d ə 2. Kəndli təsərrüfatı anlayışı
Kəndli təsərrüfatı, mülkiyyətinə verilmiş torpaqda əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı ilə, onların emalı və satışı ilə məşğul olan vətəndaşların əmək birləşməsi olmaqla, sərbəst sahibkarlıq formasıdır. Kəndli təsərrüfatı ailə üzvlərinin və onlarla daimi işləyən digər şəxslərin ümumi mülkiyyətində olan istehsal alət və vasitələrinə, əsasən bir ailənin üzvlərinin əməyinə əsaslanan, hüquqi şəxs statusuna malik olan müstəqil təsərrüfatçılıq subyektidir.
Kəndli təsərrüfatı bir nəfərdən də ibarət ola bilər.
M a d d ə 3. Aqrar-sənaye kompleksində kəndli təsərrüfatının yeri
- Kəndli təsərrüfatı respublikanın aqrar-sənaye kompleksindədövlət, kollektiv, fərdi və digər müəssisə və təşkilatlarla yanaşı bərabər hüquqlu subyektdir.
- Kəndli təsərrüfatı öz fəaliyyəti, istehsalın təşkili, quruluşu və həcmi, məhsulun satışı məsələlərini, habelə təsərrüfatın idarə edilməsi ilə əlaqədar digər məsələləri müstəqil həll edir.
- Dövlət kəndli təsərrüfatlarının inkişafına ssudalar və əmanətlər üzrə faiz dərəcələrindən, vergilərdən, qiymətlərdən və digər iqtisadi vasitələrdən istifadə etməklə təsir göstərir.
- Dövlət kəndli təsərrüfatının əmlak və digər hüquqlarının və qanuni mənafelərinin müdafiə olunmasına təminat verir.
II bölmə
KƏNDLİ TƏSƏRRÜFATININ YARADILMASI
M a d d ə 4. Vətəndaşların kəndli təsərrüfatı yaratmaq hüququ
- 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları kəndli təsərrüfatı yaratmaq və həmin məqsəd üçün torpaq sahəsi almaq hüququna malikdirlər.
- Kəndli təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsi almaqda ilk növbədə bu ərazidə daimi yaşayan, kənd təsərrüfatı işlərində ən azı üç il təcrübəsi və lazımi peşə vərdişləri olan vətəndaşlara üstünlük hüququ verilir.
Kəndli təsərrüfatı könüllü qaydada təşkil edilir və ailə üzvləri onun fəaliyyətində tam və ya qismən iştirak etməsi barədə sərbəst qərar qəbul edirlər.
M a d d ə 5. Kəndli təsərrüfatına üzvlük və onun tərkibi
Kəndli təsərrüfatına ailə üzvlərindən başqa, onlarla həmin təsərrüfatda daimi işləyən digər şəxslər də daxil ola bilər.
Kəndli təsərrüfatının üzvləri daimi bir yerdə yaşayan və təsərrüfatda işləyən ər-arvad, onların valideynləri, 14 yaşından yuxarı uşaqları, eləcə də təsərrüfatda daimi işləmək üçün könüllü birləşmiş digər şəxslər hesab edilirlər. Kəndli təsərrüfatında əmək sazişi ilə işləyən şəxslər kəndli təsərrüfatının üzvü hesab edilmirlər.
M a d d ə 6. Kəndli təsərrüfatının başçısı
Kənli təsərrüfatının üzvlərindən biri təsərrüfata başçı seçilir.
Kəndli təsərrüfatının başçısı dövlət, kooperativ, ictimai və digər müəssisələrlə, eləcə də vətəndaşlarla olan münasibətlərdə təsərrüfatın adından çıxış edir və onun mənafeyini təmsil edir. Torpağın mülkiyyətə, müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair sənədlər onun adına rəsmiləşdirilir. O, təsərrüfat üzvlərinin razılığı ilə təsərrüfat fəaliyyətini təşkil edir, təsərrüfatın adından müqavilələr bağlayır, etibarnamə verir, əmlak və vəsaitlərə sərəncam vermək hüququndan istifadə edir, eləcə də təsərrüfatın fəaliyyəti ilə əlaqədar olan digər hüquqi hərəkətləri həyata keçirir.
Kəndli təsərrüfatının başçısı xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və ya uzun müddət təsərrüfatdan ayrıldıqda, o, özünün hüquq və vəzifələrini yerinə yetirməyi kollektivin razılığı ilə təsərrüfatın üzvlərindən birinə həvalə edə bilər.
M a d d ə 7. Kəndli təsərrüfatının təşkili üçün xüsusi torpaq fondunun yaradılması
Kəndli təsərrüfatının təşkili üçün rayon, şəhər xalq deputatları Sovetləri ehtiyat torpaqları, eləcə də kolxozlardan, sovxozlardan və digər torpaq istifadəçilərindən və ya torpaq sahiblərindən geri alınan torpaqlar hesabına xüsusi torpaq fondu yaradır. Aşağıdakılar xüsusi torpaq fonduna daxil edilir:
- a)dövriyyədən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri;
- b)təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar;
- v)üzürlü səbəb olmadan ,kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə;
- q)girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar. Bölüşdürmək üçün nəzərdə tutulmuş və ehtiyat fonduna daxil edilmiş torpaqlar (həmin sahələrin məhsulu yığıldıqdan sonra) kolxozlardan, sovxozlardan, idarə, müəssisə və təşkilatların yardımçı kənd təsərrüfatı müəssisələrindən və digər idarə, müəssisə və təşkilatlardan rayon, şəhər xalq deputatları Soveti tərəfindənkəndli təsərrüfatı yaratmaq üçün vətəndaşlardan ərizə daxil olduqca alınır.
Kəndli təsərrüfatlarının təşkili üçün xüsusi torpaq fonduna sanitar ehtiyaclarını təmin edən, kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə yaramayan sahələr daxil edilmir.
M a d d ə 8. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququ
Kəndli təsərrüfatı təşkil etmək istəyən vətəndaşlar qüvvədə olan qanunvericiliyə əsasən mülkiyyətə torpaq sahəsi ala bilərlər.
Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi mülkiyyətə orta torpaq norması hesabı ilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən pulsuz verilir.
Maddə 9. Xüsusi torpaq fondundan kəndli təsərrüfatı yarat-maq üçün torpaq sahələrinin verilməsi qaydaları
- Kəndli təsərrüfatı yaratmaq üçün kənd yerində yaşayan vətəndaşlar, eləcə də başqa yerlərdən daimi yaşamağa gəlmək istəyənşəxslər müvafiq rayon, şəhər xalq deputatları Sovetinə torpaq sahəsi ayırmaq barədə ərizə ilə müraciət edirlər. Başqa yerlərdən gəlmiş vətəndaşlara kəndli təsərrüfatı yaratmaq üçün torpaq ayrılarsa, onların həmin ərazidə yaşayış evi olmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydalara əsasən şəxsi ev tikmək üçün həyətyanı torpaq sahəsi də verilir.
- Ərizədə torpaq sahəsinin alınmasının məqsədi, ölçüsü və onun yerləşdiyi yer, kəndli təsərrüfatının tərkibi göstərilir. Rayon, şəhər xalq deputatları Soveti torpaq sahəsi ayrılmasına dair materialları hazırlamaq üçün sənədləri özünün torpaq komissiyasına göndərir.
- Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair məsələyə rayon, şəhər xalq deputatları Soveti ərizə və sənədlər daxil olan gündən başlayaraq ən geci bir ay müddətində baxır.
- Ərizələrin sayı orta torpaq norması üzrə sahələrin sayından çox olduqda kəndli təsərrüfatları üçün torpaq sahəsinin verilməsi növbə əsasında bu Qanunun 4-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq həyata keçirilir.
- Torpaq sahəsinin verilməsi barədə qərar qəbul edilməsinə dair müəyyən edilmiş müddət pozulduqda və ya torpaq fonduna dair mövcud məlumatlar gizlədildikdə, təqsirkar olan vəzifəli şəxslər inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsində nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə məsuliyyətə cəlb edilirlər. Cərimə aidiyyəti üzrə xüsusi dövlət torpaq orqanı tərəfindən qoyulur və daxil olan vəsait torpaqların münbitliyinin yaxşılaşdırılması işlərinə sərf edilir.
Maddə 10. Kəndli təsərrüfatı üçün mülkiyyətə ayrılan torpaq sahəsinin ölçüsü
Rayon, şəhər xalq deputatları Soveti müvafiq kolxozlara, sovxozlara və digər təsərrüfatlara məxsus olan ümumi torpaq fondunu həmin ərazidə kənd təsərrüfatında çalışan adamların sayına (pensiyaçılar və kənddə sosial sahədə çalışan şəxslər daxil olmaqla) bölməklə hər bir kənd və qəsəbə üzrə orta torpaq normasını müəyyənləşdirir.
Kəndli təsərrüfatı yaradılarkən ona ayrılan sahə torpaq normasına, ailənin tərkibinə, təsərrüfatın ixtisaslaşmasına müvafiq olaraq müəyyənləşdirilib verilir.
Maddə 11. Kəndli təsərrüfatına torpaq sahəsinin verilməsi şərtləri
- Torpaq sahəsini kəndli təsərrüfatının mülkiyyətinə verməküçün rayon, şəhər xalq deputatları Soveti qərar qəbul etməli, torpaq sahəsini naturada ayırmalı və dövlət aktı verməlidir.
- Yaşayış məntəqəsi yaxınlığında kəndli təsərrüfatı üçün torpaq sahəsi ayrılarkən əhalinin istifadə etdiyi ictimai istifadə torpaqlarına (mal-qara üçün otlaq yerlərinə, nohurlara, yollara, parklara, idman qurğularının tutduğu sahələrə və başqa torpaqlara) toxunulmur.
- Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsi alan vətəndaşların kənd yaşayış məntəqəsindəki və ya qəsəbədəki həyətyanı torpaqları saxlanılır.
Maddə 12. Kəndli təsərrüfatının təsərrüfat ehtiyacları üçün əlavə torpaq sahəsi alması
Kəndli təsərrüfatı ilə məşğul olan vətəndaşlar təsərrüfat ehtiyacları üçün əlavə olaraq icarəyə və müvəqqəti istifadəyə torpaq sahəsi ala bilərlər.
Torpaq mülkiyyətçiləri müvəqqəti əmək qabiliyyətlərini itirdikdə, həqiqi hərbi xidmətə çağırıldıqda, istehsalatdan ayrılmaqla ali və ya orta ixtisas məktəblərinə təhsil almağa getdikdə öz mülkiyyətində olan torpaq sahəsini həmin müddətə icarəyə və ya müvəqqəti istifadəyə verə bilərlər. Rayon, şəhər xalq deputatları Soveti də öz sərəncamında olan ehtiyat fondu torpaqlarını icarəyə və ya müvəqqəti istifadəyə verə bilər.
Torpağı icarəyə və müvəqqəti istifadəyə götürməyə dair bağlanan müqavilə rayon, şəhər xalq deputatları Sovetində qeydə alınır.
Maddə 13. Kəndli təsərrüfatının torpağa mülkiyyət hüququnun yaranması
Kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon, şəhər xalq deputatları Sovetinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında keçirilir.
Torpaq sahəsi naturada ayrılıb, yer quruluşu sənədləri və kəndli təsərrüfatı başçısının adına yazılan dövlət aktı verildiyi gündən torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmış hesab edilir.
Maddə 14. Kəndli təsərrüfatının qeydə alınması
Kəndli təsərrüfatı rayon, şəhər xalq deputatları Soveti tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət aktı verildikdən sonra qeydə alınır.
Kəndli təsərrüfatı üçün torpaq sahəsinin ayrılmasına dair ərizəyə vaxtında baxılmadıqda, habelə torpaq verməkdən və təsərrüfatı qeydə almaqdan imtina edildikdə məhkəmə qaydasında şikayət verilə bilər.
Maddə 15. Kəndli təsərrüfatının hüquqi şəxs kimi meydana gəlməsi
Mülkiyyətə torpaq sahəsi aldıqdan sonra kəndli təsərrüfatının Nizamnaməsi1 müvafiq rayon, şəhər xalq deputatları Sovetində qeydə alındığı gündən kəndli təsərrüfatı yaranmış hesab edilir və həmin gündən o, təsərrüfatçı subyekt və hüquqi şəxs kimi çıxış edir: bank idarələrində hesablaşma hesabı və digər hesablar açır, onun öz möhürü olur, digər müəssisə, idarə, təşkilat və vətəndaşlarla işgüzar münasibətlər yaradır.
Rayon, şəhər xalq deputatları Soveti kəndli təsərrüfatının hər birinə qeydiyyat vərəqəsi açır, icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi isə onu təsərrüfat kitabında qeydə alır. Qeydiyyat vərəqəsində və təsərrüfat kitabında kəndli təsərrüfatının tərkibi, təsərrüfatın başçısı və yaxud onun vəzifələrini müvəqqəti yerinə yetirən şəxs barədə məlumat, eləcədə təsərrüfata verilən torpaq sahəsi və digər əsas məlumatlar yazılır.
Maddə 16. Kolxoz və sovxozlarda kəndli təsərrüfatının yaradılması qaydaları
- İstehsalın səmərəli fəaliyyətini təmin etməyən kolxoz və sovxozların əsasında kəndli təsərrüfatları aşağıdakı qaydada yaradılır:
- a)müvafiq rayon, şəhər xalq deputatları Soveti ilə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin birgə təqdimatına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il istehsalın səmərəli fəaliyyətini təmin etməyən kolxoz və sovxozların siyahısını təsdiq edir;
- b)kolxoz və sovxozların fəaliyyətinə rayon, şəhər xalq deputatları Soveti tərəfindən xitam verilir;
- v)büdcə təşkilatları ilə, banklarla, digər müəssisə, idarə və təşkilatlarla qarşılıqlı haqq-hesab aparmaq, təsərrüfatın torpaq sahələrinin, əmlakının bölgüsünü həyata keçirmək və onun fəaliyyətini müvəqqəti idarə etmək məqsədilə rayon, şəhər xalq deputatları Soveti tərəfindən xüsusi komissiya yaradılır;
- q)komissiya bir ay müddətində bu təsərrüfatda işləyənlərin, həmin ərazidə kənd təsərrüfatına xidmət edən sahələrdə çalışanların, əvvəllər təsərrüfatda işləmiş, hazırda bu ərazidə yaşayan pensiyaçıların və kənddə sosial sahədə çalışan və yaşayan şəxslərin ərizələrinə əsasən yaradılacaq kəndli təsərrüfatlarının sayını müəyyən edir, torpaq sahələrinin bölgüsü haqda öz təkliflərini hazırlayır və onları kolxozun ümumi yığıncağı, sovxozun əmək kollektivi şurası ilə həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə rayon, şəhər xalq deputatları Sovetinə təqdim edir;
ğ) komissiya iki ay müddətində büdcə təşkilatları ilə, banklarla, digər müəssisə, idarə və təşkilatlarla qarşılıqlı haqq-hesab apararaq qalan əmlakda kəndli təsərrüfatı yaratmaq üçün öz işçilərinin, bu təsərrüfatda işləyib pensiyaya çıxanların həmin təsərrüfatda onların iş stajına və əmək töhfələrinə müvafiq olaraq paylarını müəyyən edir, əmlakın bölgüsü haqda təkliflərini hazırlayır, bu təklifləri kolxozun ümumi yığıncağı, sovxozun əmək kollektivi şurası ilə həmkarlar ittifaqı komitəsi təsdiq etdikdən sonra rayon, şəhər xalq deputatları Sovetinə təqdim edir, rayon, şəhər xalq deputatları Soveti isə kolxozun və ya sovxozun torpağının və əmlakının bölgüsü haqqında sənədlər daxil olan gündən başlayaraq ən geci bir ay müddətində müvafiq qərar qəbul edir və onu əlaqədar təşkilatlara göndərir;
- d)komissiya torpağın və əmlakın bölgüsünü həyata keçirir. Kəndli təsərrüfatı yaratmaq məqsədilə vətəndaşlara verilmiş
əmlak bu təsərrüfat yaradılmadıqda rayon, şəhər xalq deputatları Soveti tərəfindən geri alınır.
- İstehsalın səmərəli fəaliyyətini təmin edən kolxoz və sovxozlarda kəndli təsərrüfatları aşağıdakı qaydada yaradılır:
- a)kolxozların və sovxozların torpaqları, onların kollektivlərinin ümumi yığıncağının qərarı müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən təsdiq edildikdən sonra bu kollektivlərin üzvlərinin kollektiv-paylı mülkiyyətinə verilir; torpaq payının ölçüsü bu Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qaydada hesablanır;
- b)kolxozun üzvləri və sovxozun işçiləri onun tərkibindən çıxıb kəndli təsərrüfatı yaratmaq arzusunda olduqda, onlar kolxoza, sovxoza ərizə ilə müraciət edərək, gələcək fəaliyyətinin istiqamətini göstərirlər;
- v)təsərrüfatın rəhbərliyi ərizə daxil olduqdan sonra 15 gündən gec olmayaraq ərizə ilə əlaqədar təklifləri (ayrılmaq üçün nəzərdə tutulan torpağın ölçüsü və əmlak payının növü, torpağın yerləşdiyi sahə və s.) haqqında kolxozun ümumi yığıncağı və sovxozun əmək kollektivi şurası ilə həmkarlar ittifaqı komitəsinin müzakirəsinə verir; əmlak payının həcmi təsərrüfatda yaradılmış xüsusi komissiya tərəfindən həmin təsərrüfatın işçilərinin və buradan pensiyaya çıxmış həmin ərazidə yaşayan vətəndaşların sayına görə hesablanır;
- q)kolxozun ümumi yığıncağı və sovxozun əmək kollektivi şurası həmkarlar ittifaqı komitəsi ilə birlikdə ərizə ilə əlaqədar təkliflərə baxıb müvafiq qərar qəbul edir və onu rayon, şəhər xalq deputatları Sovetinə təqdim edir;
ğ) kolxoz və ya sovxoz kollektivləri kəndli təsərrüfatı yaratmaqdan imtina etdikdə, vətəndaşın müraciəti əsasında rayon, şəhər .xalq deputatları Soveti müvafiq qərar qəbul edir.
III bölmə
KƏNDLİ TƏSƏRRÜFATI İLƏ MƏŞĞUL OLAN VƏTƏNDAŞLARIN
TORPAĞA DAİR HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
Maddə 17. Kəndli təsərrüfatının mülkiyyətində olan torpağa dair hüquqları
- Kəndli təsərrüfatına mülkiyyətində olan istehsalat təyinatlı torpaq üzərində aşağıdakı hüquqlar verilir:
- a)torpaqda müstəqil təsərrüfatçılıq etmək;
- b)kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququ qadağan edilmiş bitkilərin becərilməsi istisna olmaqla;
- v)torpaq sahəsində olan meşələrdən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müəyyən olunmuş qaydada istifadə etmək;
- q)torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar dövlət torpaq orqanı tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə kompensasiya almaq;
ğ) istehsal təyinatlı müvafiq yardımçı tikililər və qurğular ucaltmaq;
- d)torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın yaxşılaşdırılmasına çəkilən xərclərin, habelə əldən çıxan fayda da daxil olmaqla dəyən zərərin əvəzini almaq;
- e)qanunla müəyyən edilmiş qaydada yer quruluşu layihələrinə və təbiəti mühafizə tələblərinə uyğun olaraq meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarları yaratmaq;
ə) bu Qanunun 12-ci maddəsinə uyğun olaraq torpaq sahələrini müvəqqəti istifadəyə və icarəyə vermək;
- j) müəyyən edilmiş qaydada torpaq sahələrini dəyişmək, satmaq,bağışlamaq, girov qoymaq və vəsiyyət etmək.
- Kəndli təsərrüfatının torpaqlarından və onun ərazisindəolan su mənbələrindən keçməyə, nəqliyyat vasitələri ilə hərəkət etməyə, çimməyə və balıq tutmağa, çadırlar qurmağa və həmin çadırlarda yaşamağa, tonqallar qalamağa və bu qəbildən başqa hərəkətlərə yalnız həmin təsərrüfatın razılığı ilə təbii kompleksləriekoloji cəhətdən saf şəkildə saxlamaq şərti ilə icazə verilir(bunlar kəndli təsərrüfatına torpaq sahəsi ayrılması haqqında rayon, şəhər xalq deputatları Sovetinin qərarında nəzərdə tutulmamışdırsa).
Maddə 18. Kəndli təsərrüfatı ilə məşğul olan vətəndaşların torpaqdan istifadə üzrə vəzifələri
- Kəndli təsərrüfatı ilə məşğul olmaq üçün torpaq sahəsinə mülkiyyət hüququna malik olan vətəndaşlar:
- a)torpaqdan təyinatı üzrə səmərəli istifadə etməli, onun münbitliyini artırmalı, özünün təsərrüfat fəaliyyəti nəticəsində ərazidə ekoloji şəraitin pisləşməsinə yol verməməli;
- b)torpaqlarda kompleks mühafizə tədbirlərini həyata keçirməli;
- v)torpaq vergisini vaxtında verməli;
- q)digər torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalı, torpaq sahəsində olan mərz və geodeziya nişanlarını qoruyub saxlamalı;
ğ) torpaqdan istifadəyə dair müəyyən edilmiş məlumatları vaxtında müvafiq təşkilatlara verməli;
- d)Azərbaycan Respublikasının Torpaq Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələrə əməl etməlidirlər.
- Kolxoz və sovxozların torpaqlarında yaradılmış kəndli təsərrüfatları üç il müddətində həmin təsərrüfatların ixtisaslaşmasına, dövlət ehtiyaclarına və ictimai ehtiyaclara müvafiq olaraq kənd təsərrüfatı məhsulları istehsalını təmin etməlidirlər.
- Kəndli təsərrüfatı yaratmaq üçün xüsusi mülkiyyətə verilmiş torpaq sahəsi bölünməzdir.
- Kəndli təsərrüfatı torpaqdan istifadə üzrə vəzifələrini pozduqda, onun başçısı qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 19. Kəndli təsərrüfatının torpaq sahəsinə mülkiyyət hüquqlarına xitam verilməsi
Kəndli təsərrüfatının torpaq sahəsinə və ya onun bir hissəsinə mülkiyyət hüquqlarına bu torpağı vermiş rayon, şəhər xalq deputatları Soveti aşağıdakı hallarda xitam verir:
- a)torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə;
- b)kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə;
- v)torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə;
- q)müəyyən edilmiş torpaq vergisi üzürlü səbəb olmadan ardıcıl olaraq iki il ödənilmədikdə;
ğ) torpaq sahəsindən bir il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə;
- d)dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruri olduqda;
- e)tikinti və qurğu üzərində mülkiyyət hüququ başqasına keçdikdə;
ə) torpaq mülkiyyətçisi öldükdə;
- j)torpaq müsadirə edildikdə.
Maddə 20. Torpaq sahələri geri alınarkən torpaq mülkiyyətçilərinin hüquqlarının təminatı
Torpaq mülkiyyətçilərinə verilmiş torpaq sahəsi dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün yalnız o halda geri alına bilər ki, müvafiq rayon, şəhər xalq deputatları Soveti onlara eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsi ayırsın, xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilat torpaq sahəsi ilə birlikdə geri alınan yaşayış, istehsal və başqa tikililərin əvəzinə onlar üçün yeni yerdə təzələrini tiksin və vurulan bütün zərəri, o cümlədən torpaqların yaxşılaşdırılmasına çəkilən xərci, eləcə də əldən çıxmış mənfəəti tam həcmdə ödəmiş olsun.
M a d d ə 21. Torpağa görə haqq
Torpağa görə haqq, torpaq sahəsinin ölçüsündən, keyfiyyətindən və yerləşdiyi yerdən asılı olaraq, kadastr qiyməti nəzərə alınmaqla müəyyən edilən torpaq vergisi formasında ödənilir.
Torpaq sahəsinə görə qiymət, vergi və vergiqoyma qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
M a d d ə 22. Torpağa görə haqqın ödənilməsində güzəştlər
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti torpağın mülkiyyətçisi olan kəndli təsərrüfatının torpaq vergisindən müəyyən müddətə tamamilə və ya qismən azad edilməsində, torpaq vergisinin ödənilməsi müddətinin uzadılmasında, yaxud dərəcəsinin aşağı salınmasında güzəştlər müəyyən edə bilər.
İlk dəfə təşkil olunan kəndli təsərrüfatları torpağın verildiyi gündən başlayaraq üç il müddətinə torpaq vergisindən azad edilir.
IV bölmə
KƏNDLİ TƏSƏRRÜFATININ ƏMLAKI
M a d d ə 23. Kəndli təsərrüfatı əmlakının növləri
Kəndli təsərrüfatının əmlakı, qanunvericilikdə və ya təsərrüfatın üzvlərinin bağladığı müqavilədə başqa hal nəzərdə tutulmadıqda, paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət) hüququ əsasında onun bütün üzvlərinə aiddir.
Kəndli təsərrüfatının üzvləri yekdil qərar qəbul etdikdə, onun əmlakı ailənin bütün üzvlərinin paylar məlum olmayan ümumi mülkiyyətində (birgə mülkiyyətində) ola bilər.
M a d d ə 24. Kəndli təsərrüfatı əmlakının dairəsi
Kəndli təsərrüfatının əmlakı onun Nizamnaməsinə uyğun olaraq mülkiyyətdə olan torpaq sahəsi, torpaq sahəsindəki əkililər, təsərrüfat tikililəri, meliorasiya qurğuları və digər qurğular, mal-qara, quş, əldə edilmiş məhsul, kənd təsərrüfatı texnikası və ləvazimat, nəqliyyat vasitələri, təsərrüfat fəaliyyətini həyata keçirmək üçün lazım olan əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş bütün tikililər, məişət və şəxsi istehlak mallarıdır.
M a d d ə 25. Kəndli təsərrüfatı əmlakının əmələ gəlməsi mənbələri
Kəndli təsərrüfatı əmlakının əmələ gəlməsinin başlıca mənbələri aşağıdakılardır:
- a)kəndli təsərrüfatı üzvlərinin təsərrüfata verdiyi pul və digər maddi vəsaitlər;
- b)məhsulun satışından, işlərin görülməsindən, xidmətlər göstərilməsindən, habelə əmək fəaliyyətinin başqa növlərindən əldə edilən gəlirlər;
- v)qiymətli kağızlardan gəlirlər;
- q)kreditlər;
ğ) müəssisələrdən, idarələrdən, təşkilatlardan, vətəndaşlardan əvəzsiz olaraq daxil olan vəsaitlər və xeyriyyə yardımları;
- d)qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən daxil olan vəsaitlər.
M a d d ə 26. Kəndli təsərrüfatının əmlakına sahiblik, ondan istifadə və bu əmlak üzərində sərəncam
- Kəndli təsərrüfatının ümumi (paylar məlum olan və ya məlum olmayan) mülkiyyətinə onun hər bir üzvünün şəxsi mülkiyyətinəaid olan əmlak daxil ola bilər.
- Kəndli təsərrüfatında əmlak münasibətləri bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi, kəndli təsərrüfatının Nizamnaməsi ilə və onları tamamlayan digər aktlarla nizama salınır.
- Kəndli təsərrüfatının əmlakı təsərrüfatın bütün üzvlərinə məxsusdur; kəndli təsərrüfatı onun bütün üzvlərinin qərarı ilə sərəncamında olan ümumi əmlak üzərində mülkiyyət hüququnun subyekti kimi çıxış edir.
- Kəndli təsərrüfatının başçısı onun bütün üzvlərinin razılığı ilə bu təsərrüfatın adından onun əmlakına idarəçilik qaydasında sahiblik, ondan istifadə və əmlak üzərində sərəncam hüquqlarını qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirir.
- Kəndli təsərrüfatının üzvləri əmlak münasibətlərinin digər qaydası barədə razılığa gələrsə, onlar əmlaka sahiblik, ondan istifadə və sərəncam qaydalarını özləri müəyyən edirlər.
- Kəndli təsərrüfatı mülkiyyət hüququ əsasında ona məxsus olan əmlak üzərində sərbəst sərəncam verir.
- Kəndli təsərrüfatının əmlakına dövlət, təsərrüfat orqanlarının və digər təşkilatların, vəzifəli şəxslərin sərəncam verməsi qadağan edilir.
- Kəndli təsərrüfatının əmlakı yalnız məhkəmə qaydasında məcburi alına bilər.
- Kəndli təsərrüfatının üzvləri onun əmlakından istifadəni qarşılıqlı razılıq əsasında həyata keçirirlər.
- Əmlak üzərində sərəncam üzrə bütün əqdləri təsərrüfatın başçısı və ya onun vəkil etdiyi şəxslər bağlaya bilər.
- Kəndli təsərrüfatı müəssisə, idarə, təşkilat və vətəndaşlardan əmlak almaq, icarəyə götürmək və ya müvəqqəti istifadə etmək hüquqlarına malikdir.
- Kəndli təsərrüfatının əmlakı qüvvədə olan qanunvericiliyə uyğun olaraq sığorta edilir.
- Kəndli təsərrüfatının əmlak ,hüquqları dövlət tərəfindən və qanunvericiliklə müdafiə edilir.
M a d d ə 27. Kəndli təsərrüfatı əmlakının bölünməsi və onun üzvlərinə payların ödənilməsi
- Kəndli təsərrüfatının yeni təsərrüfat yaratmaq istəyən üzvünə ümumi əmlakdan (torpaq sahəsi istisna olmaqla) onun payınadüşən hissə pul və natura formasında kənd təsərrüfatı maşınları, nəqliyyat vasitələri, mal-qara, quş və digər əmlak ayrıla bilər.
- Kəndli təsərrüfatının paylar məlum olan ümumi mülkiyyətində təsərrüfatın işində iştirak edən əmək qabiliyyətli üzvlərinin və vaxtı ilə iştirak edib, sonradan əmək qabiliyyətini itirdiyinə görə işdən getmiş üzvlərinin, eləcə də ailənin üzvü kimi təsərrüfatın işində iştirak edən yeniyetmələrin payı vardır. Kəndli təsərrüfatının tərkibindən çıxan üzvünün təsərrüfatdakı əmlak payı kəndli təsərrüfatı təşkil edilərkən ona verilmiş əmlak payından, işlədiyi müddətdən və əmək töhfəsindən asılı olaraq müəyyən edilir.
- Kəndli təsərrüfatının ayrı-ayrı üzvləri yeni kəndli təsərrüfatı yaratmadan onun tərkibindən çıxdıqda, kəndli təsərrüfatı və onun ümumi əmlakı bölünmür. Belə hallarda ümumi mülkiyyətdən onların payına düşən hissənin dəyəri pul ifadəsində ödənilir.
- Təsərrüfatın tərkibindən çıxan üzvünün ümumi əmlakdakı payının dəyəri təsərrüfata müraciət etdiyi gündən üç ildən gec olmayaraq pul ifadəsində ödənilir.
- Kəndli təsərrüfatının üzvü onun tərkibindən çıxarkən təsərrüfatın əmlakından natura formasında pay almaq hüququ təsərrüfatın bütün əmək qabiliyyətli üzvlərinin razılığı əsasında həyata keçirilir.
- Əmlakın bölünməsi və kompensasiyanın ödənilməsi haqda kəndli təsərrüfatı üzvlərinin qarşılıqlı razılığı olmadıqda mübahisə məhkəmə qaydasında həll edilir.
M a d d ə 28. Kəndli təsərrüfatında torpağın və əmlakın vərəsəlik üzrə keçməsi və bağışlanması
- Kəndli təsərrüfatının başçısı torpaq sahəsi üzərindəkimülkiyyət hüququnu təsərrüfatın bütün üzvlərinin razılığı ilə və müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı əsasında,torpağın təsərrüfat təyinatını dəyişdirmədən ailə üzvlərindən birinin adına keçirə bilər.
- Əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün mülkiyyətə verilən torpaq sahəsinin satılmasına və ya başqa cür özgəninkiləşdirilməsinə həmin sahənin alındığı vaxtdan ən azı 5 il keç-dikdən sonra yol verilir.
- Mülkiyyətdə olan əmlak və torpaq sahələri vərəsələrə qanun və ya vəsiyyət üzrə keçə bilər.
- Kəndli təsərrüfatının başçısı öldükdə torpaq üzərində mülkiyyət hüququ təsərrüfatın bütün üzvlərinin razılığı ilə, müvafiq rayon, şəhər xalq deputatları Sovetinin qərarı əsasında onun üzvlərindən birinin adına keçir və torpaq sənədləri (dövlət aktı) onun adına rəsmiləşdirilir.
- Vərəsəlik və ya bağışlama yolu ilə əldə olunan kəndli təsərrüfatının əmlakı onun yeni sahibinə bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş qaydada verilir.
- Vərəsəlik və ya bağışlama yolu ilə kəndli təsərrüfatını bütövlükdə əldə edən vətəndaş kəndli təsərrüfatı ilə məşğul olmaq istəmədikdə istehsal təyinatlı torpaqlar bu Qanuna müvafiq olaraq bir ildən gec olmamaq şərti ilə özgəninkiləşdirilməlidir.
- Vərəsəlik və ya bağışlama yolu ilə kəndli təsərrüfatını əldə edən vətəndaşlar əmlakın onların mülkiyyətinə keçməsinə görə dövlət rüsumundan azad olunurlar.
- Qanun və ya vəsiyyət üzrə vərəsə olmadıqda, eləcə də mirası qəbul etməkdən imtina edildiyi və ya kəndli təsərrüfatının bütün üzvlərinin bu hüquqdan məhrum edildiyi hallarda kəndli təsərrüfatının əmlakı və torpağı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlətə keçir.
V bölmə
KƏNDLİ TƏSƏRRÜFATININ FƏALİYYƏTİ
M a d d ə 29. Kəndli təsərrüfatının istehsal fəaliyyəti
- Kəndli təsərrüfatı özünün xüsusi mənafeyini əsas götürərəkfəaliyyətinin istiqamətlərini, istehsalın həcmini və quruluşunu müstəqil müəyyən edir (bu Qanunun 18-ci maddəsinin 2-ci bəndinə riayət etmək şərti ilə). O, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı kimi öz fəaliyyətinin aparıcı növünü saxlamaqla yanaşı, qüvvədə olan qanunvericiliklə qadağan edilməmiş istənilən fəaliyyət növləri ilə də məşğul ola bilər.
- Kəndli təsərrüfatının müəssisələrlə, assosiasiyalarla, kooperativlərlə, digər kəndli təsərrüfatları ilə, habelə vətəndaşlarla istehsal, kommersiya və başqa münasibətləri müqavilə əsasında həyata keçirilir. Kəndli təsərrüfatı təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında fəaliyyət göstərir, öz xərclərini gəliri hesabına ödəyir.
- Tərkibində yol verilən normadan artıq zərərli maddələr olan məhsulun istehsal edilməsi və satılması, habelə qanunvericiliyin kəndli təsərrüfatı tərəfindən başqa şəkildə pozulması halları istisna olmaqla, kəndli təsərrüfatının fəaliyyətinə dövlət, təsərrüfat təşkilatlarının və başqa orqanların, vəzifəli şəxslərin qarışması qadağandır.
- Dövlət təşkilatları və başqa orqanlar, vəzifəli şəxslər kəndli təsərrüfatının fəaliyyətinə əsassız olaraq müdaxilə etdikdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Belə hallarda kəndli təsərrüfatının pozulmuş hüquqları bərpa edilir, ona dəyən zərərin və əldən çıxmış mənfəətin əvəzi isə zərər vuran şəxs tərəfindən tam həcmdə ödənilir.
- Kəndli təsərrüfatının fəaliyyəti ilə əlaqədar olan təsərrüfat mübahisələri, zərərin və əldən çıxmış mənfəətin ödənilməsi haqqında mübahisələr məhkəmə qaydasında həll edilir.
- Kəndli təsərrüfatı öz fəaliyyəti ilə əlaqədar götürdüyü müqavilə öhdəliklərini pozduqda, qüvvədə olan qanunvericiliyə əsasən öz əmlakı ilə cavab verir.
Dövlət kəndli təsərrüfatının öhdəliklərinə görə, kəndli təsərrüfatları isə dövlətin öhdəliklərinə görə məsuliyyət daşımır.
- Kəndli təsərrüfatı müstəqil olaraq özünün əsas və dövriyyə fondlarını yaradır, avadanlıqların, tikililərin və qurğuların istismarını həyata keçirir, təsərrüfatın aparılması üçün lazım olan torpaq sahəsinin və əmlakın icarəyə götürülməsinə dair müqavilələr bağlayır.
M a d d ə 30. Kəndli təsərrüfatlarının birgə fəaliyyəti
Kəndli təsərrüfatları məhsul istehsalı, emalı və satışı, maddi-texniki təchizat, tikinti, texniki, su təsərrüfatı, baytarlıq, aqrokimya, məsləhət və digər xidmət növləri ilə məşğul olan kooperativlərin, assosiasiyaların, ittifaqların və digər təşkilatların, eləcə də qeyri-kənd təsərrüfatı müəssisələrinin, birliklərin, konsorsiumların, bankların, sığorta müəssisələrinin, o cümlədən xarici partnyorlarla birgə müəssisələrin könüllü təsisçiləri və iştirakçıları olmaqla bərabər qiymətli kağızları ala və sata bilərlər.
Maddə 31. Kəndli təsərrüfatının əmək fəaliyyəti
- Kəndli təsərrüfatının fəaliyyəti əsasən onun üzvlərinin əməyinə əsaslanır.
- İstehsalat ehtiyacları olduğu hallarda (yığım mövsümü Dövründə təsərrüfatın bütün üzvlərinin əməyini səfərbər etməklə işləri vaxtında görmək mümgün olmadıqda) kəndli təsərrüfatına qüvvədə olan qanunvericiliyə uyğun olaraq muzdlu əməkdən istifadə etməyə icazə verilir. Muzdlu əməyin şərtləri vətəndaşlarla bağlanılan müqavilə ilə tənzim edilir.
- Müqavilə üzrə işləyən vətəndaşların əmək haqqı birinci növbədə ödənilir. Xüsusi razılığa gəlmədikdə, vətəndaşların əməyinin ödənilməsi kəndli təsərrüfatının işinin nəticələrindən asılı olmamalıdır.
- Kəndli təsərrüfatının başçısı öz təsərrüfatının üzvləri və əmək müqaviləsi bağlamış vətəndaşlar üçün təhlükəsiz iş şəraiti yaratmağa borcludur.
- Kəndli təsərrüfatında əmək münasibətləri təsərrüfatın üzvləri tərəfindən müəyyən edilir və nizama salınır.
- Kəndli təsərrüfatının üzvlərinin və onunla əmək müqaviləsi bağlamış vətəndaşların əmək stajı haqqındakı məlumatlar kəndli təsərrüfatının başçısı tərəfindən onların əmək kitabçasında qeyd edilir və icra hakimiyyətinin başçısının kənd, qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən təsdiq edilir.
- Təsərrüfatın başçısı ilə kəndli təsərrüfatının üzvləri və əmək müqaviləsi üzrə işləyən vətəndaşlar arasındakı əmək mübahisələrinə məhkəmədə baxılır.
- Əmək müqaviləsində iş gününün uzunluğu, istirahət günləri, hər il ödənilən məzuniyyətlər, əməyin ödənilməsinin formaları və onun həcmi, məişət və əmək şəraitinə dair digər məsələlər qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Kəndli təsərrüfatında əmək müqaviləsi ilə işləyən şəxslərin əməyinin ödənilməsinin həcmi və verilən məzuniyyətin müddəti dövlət müəssisəsindəki müvafiq peşə işçiləri üçün müəyyən edilmiş əməyin ödənilməsinin həcmindən və verilən məzuniyyətin müddətindən aşağı olmamalıdır.
Kəndli təsərrüfatına işə cəlb edilən şəxslərlə bağlanan əmək müqaviləsi müvafiq icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən, kəndli təsərrüfatı göstərilən şəxslər üçün əsas iş yeri olduğu hallarda isə həm də sahə həmkarlar ittifaqı orqanında qeydə alınmalıdır.
Əmək müqaviləsi üzrə işə cəlb edilən şəxsin kəndli təsərrüfatındakı iş stajını təsdiq edən sənəd onun əmək kitabçasındakı qeyddir.
- Kəndli təsərrüfatı üzvlərinin, eləcə də əmək müqaviləsi üzrə işləyən şəxslərin əmək hüquqları və vəzifələri bu Qanunla, Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi və digər aktlarla müəyyən edilir.
- Kəndli təsərrüfatı başçısının razılığı ilə təsərrüfatda əmək müqaviləsi üzrə işləyən şəxslər təsərrüfatın əmlakına pul və ya digər formada pay qoya bilər və bu payın həcminə uyğun olaraq gəlirin bölüşdürülməsində iştirak edə bilərlər.
M a d d ə 32. Məhsulun kəndli təsərrüfatı tərəfindən satılması
- Kəndli təsərrüfatı istehsal etdiyi məhsul üzərində sərəncamvermək, onu öz istəyindən asılı olaraq Dövlət tədarük təşkilatlarında, dövlət və kooperativ ticarət şəbəkələrində və kolxoz bazarında müqavilə əsasında və sərbəst satmaq hüququna malikdir.
- Kəndli təsərrüfatı məhsulun keyfiyyətinə, sanitar və digər tələblərə riayət etməyə borcludur və buna görə məsuliyyət daşıyır.
- Kəndli təsərrüfatı istehsal etdiyi məhsula müstəqil olaraq qiymət qoyur.
- Dövlət tədarük təşkilatları və emal müəssisələri kəndli təsərrüfatı tərəfindən təqdim edilən məhsulları, ona tələbat varsa və keyfiyyət standartına uyğundursa, kolxoz və sovxozlardan qəbul etdikləri qiymətə uyğun olaraq götürməyə borcludurlar.
- Kəndli təsərrüfatı tərəfindən istehsal edilən məhsulların ixracı, eləcə də xarici partnyorlarla haqq-hesab qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
M a d d ə 33. Kəndli təsərrüfatının pul vəsaiti
- Kəndli təsərrüfatının pul vəsaiti məhsulun satışından, işlərin görülməsindən və xidmətlər göstərilməsindən, kreditlər, büdcə təxsisatları, bağışlama və digər gəlirlər hesabına yaranır.
- Kəndli təsərrüfatı pul vəsaitlərini, o cümlədən valyuta vəsaitlərini saxlamaq, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərini həyata keçirmək üçün bankda hesab açmaq hüququna malikdir.
Kəndli təsərrüfatı bu hesabdakı vəsaitlər barədə sərbəst sərəncam verir, hesablaşma hesabındakı vəsaitlərdən həm nağdsız qaydada və həm də nağd pul ödəməsi yolu ilə istifadə edir.
- Kəndli təsərrüfatının bütün haqq-hesabları, büdcə ödəmələri də daxil olmaqla haqq-hesab sənədlərinin daxil olmasının təqvim növbəsi üzrə ödəmə müddətinin çatması nəzərə alınmaqla həyata keçirilir.
- Kəndli təsərrüfatının hesablaşma hesabından vəsaitin silinməsinə yalnız onun razılığı ilə və ya məhkəmə qaydasında yol verilir.
M a d d ə 34. Kəndli təsərrüfatının kreditləşdirilməsi
- Kəndli təsərrüfatı müqavilələr əsasında dövlət, kommersiya, ticarət, kooperativ banklarının və digər təşkilatların verdiyi qısa və uzunmüddətli kreditlərdən istifadə etmək hüququna malikdir.Bu zaman ssudalar üzrə faiz dərəcələri dövlət müəssisələri üçün müəyyən edilmiş qaydada hesablanır.
- Mülki qanunvericiliyə uyğun olaraq üzərinə həbs qoyula bilməyən əmlakdan başqa borc alınan torpaq sahəsi (müəyyən edilmiş qaydada), əmtəə-maddi sərvətlər, istehsal edilən məhsul və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlak girov kimi qəbul oluna bilər.
- Kəndli təsərrüfatının götürdüyü kreditin qaytarılması girov və öhdəliyin təmin edilməsinin digər növləri ilə müəyyən edilir. Kredit vaxtında qaytarılmadıqda bank müəssisəsi məhkəməyə müraciət etmədən girov qoyulmuş əmlakı sata və onun satışından daxil olan vəsaiti borcun ödənilməsinə yönəldə bilər.
- Kəndli təsərrüfatı təşkil olunan zaman tədiyə qabiliyyətli hüquqi və fiziki şəxslər ona ssuda və kreditlərin verilməsi üçün zəmanətçi kimi çıxış edə bilərlər.
Rayon, şəhər xalq deputatları Soveti yerli büdcənin vəsaiti hesabına kəndli təsərrüfatlarına əvəzsiz maddi yardım göstərə bilər.
Kəndli təsərrüfatı ilk dəfə təşkil edilərkən güzəştli kreditlərdən istifadə edə bilər. Onların qaytarılmasının müddəti kredit alınmasının altıncı ayından başlanır. Kreditdən istifadə etdiyinə görə kəndli təsərrüfatı qüvvədə olan qanunvericiliyə uyğun olaraq faiz verir.
- Kəndli təsərrüfatının hesabında qalan sərbəst vəsaitdən istifadə etməyə görə bank ona müqavilədə nəzərdə tutulmuş şərtlərlə faizlər verir.
- Kəndli təsərrüfatı özünün və icarəyə götürdüyü istehsal vasitələrini, eləcə də kənd təsərrüfatı bitkiləri əkinlərini, çoxillik əkmələri kolxoz və sovxozlar üçün müəyyən edilmiş şərtlərlə,könüllülük əsasında sığorta etdirə bilər.
M a d d ə 35. Kəndli təsərrüfatında uçot və hesabat
Kəndli təsərrüfatı müəyyən edilmiş qaydada öz işinin nəticələrinin uçotunu aparır və statistika hesabatı təqdim edir.
Kəndli təsərrüfatının başçısı dövlət uçotunun təhrif edilməsinə görə qanunvericilikdə müəYYƏn olunmuş qaydada məsuliyyət daşıyır.
M a d d ə 36. Kəndli təsərrüfatının dövlət, kooperativ müəssisələri, təşkilatları, idarələri ilə və vətəndaşlarla qarşılıqlı münasibətləri
Kəndli təsərrüfatının dövlət kooperativ və digər ictimai müəssisələrlə, taşkilatlarla, idarələrlə və vətəndaşlarla qanunla qadağan edilməməş əqdlər bağlamağa, təsərrüfatın aparılması üçün lazım olan əmlakı dövlət, kooperativ və digər ictimai müəssisələrdən, təşkilatlardan, idarələrdən və vətəndaşlardan əldə etməyə, dəyişdirməyə, satmağa, icarəyə götürməyə, borc almağa hüququ vardır.
Kəndli təsərrüfatının dövlət, kooperativ və digər ictimai müəssisələrlə, təşkilatlarla, idarələrlə və vətəndaşlarla təsərrüfat və istehsal sahəsindəki qarşılıqlı münasibətləri, eləcə də tədarükçülərlə maddi-texniki təchizat üzrə münasibətləri, onun bütün təsərrüfat əməliyyatları (əgər qüvvədə olan qanunvericiliklə başqa hal nəzərdə tutulmayıbsa) tərəflər arasında bağlanan müqavilələrlə tənzim edilir.
M a d d ə 37. Kəndli təsərrüfatının məsuliyyəti
Müqavilə öhdəliklərini, kredit-hesablaşma və vergi intizamını, təsərrüfat fəaliyyətinin həyata keçirilməsinin digər qaydalarını pozmağa görə kəndli təsərrüfatı qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşıyır.
Ekoloji cəhətdən çirklənmiş və zərərli ərzaq məhsullarını satmağa görə kəndli təsərrüfatının başçısı maddi və cinayət məsuliyyətinə cəlb edilir.
M a d d ə 38. Kəndli təsərrüfatının maddi-texniki və digər vasitələrə ehtiyacının təminatı
- Kəndli təsərrüfatı normal fəaliyyətini həyata keçirmək üçün maddi-texniki vasitələri dövlət təchizat təşkilatlarından, o cümlədən kəndli təsərrüfatı üçün ayrılmış xüsusi fondlardan kolxoz və sovxozlar üçün müəyyən edilmiş qayda və şərtlərlə əldə edir.
- Kəndli təsərrüfatı maddi-texniki ehtiyatları istənilən müəssisələrdən və təşkilatlardan, kolxoz bazarlarından, əhalidən, eləcə də dövlət və kooperativ xırda pərakəndə ticarət şəbəkəsindən əldə edə (satın ala, dəyişdirə, icarəyə götürə və s.) bilər.
- Kəndli təsərrüfatına satılan məhsulun, malların, əmlakın, enerjinin, yanacaq-sürtkü materiallarının və eləcə də traktorların, kənd təsərrüfatı texnikasının və avadanlığının, avtomaşınların təmiri və onlara texniki xidmət göstərilməsi üçün haqqın ödənilməsi dövlət müəssisələri və təşkilatları tərəfindən kolxoz və sovxozlar üçün qüvvədə olan qiymətlərə və tariflərə əsasən, habelə müqavilə qiymətləri üzrə həyata keçirilir.
- İstehsal və sosial-məişət təyinatlı obyektlərin olmadığı ərazidə kəndli təsərrüfatı təşkil edilərkən yolların, elektrik xətlərinin, su təchizatı şəbəkələrinin çəkilişini, torpaqların meliorasiya işlərini dövlət öz üzərinə götürür.
- Torpaq ayrılması işləri, dövlət aktının rəsmiləşdirilməsi, torpaq kadastrı sənədlərinin aparılması, yer quruluşu, aqrokimya işləri və torpağın ekoloji pasportlaşdırılması Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
M a d d ə 39. Kəndli təsərrüfatı üzvlərinin və müqavilə üzrə işləyənlərin dövlət sosial sığortası və sosial təminatı
- Kəndli təsərrüfatının üzvlərinə, o cümlədən ailənin həmintəsərrüfatda çalışan 14 yaşından yuxarı üzvlərinə, eləcə də təsərrüfatda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara qüvvədə olan; qanunvericiliyə əsasən dövlət sosial sığortası və sosial təminatı aid edilir,
- Kəndli təsərrüfatının üzvləri sığortaçı kimi rayon həmkarlar ittifaqı orqanında qeydə alınırlar.
- Kəndli təsərrüfatı öz gəlirindən təsərrüfatın üzvləri, 14 yaşından yuxarı olub onun işində çalışan ailə üzvləri və əmək müqaviləsi üzrə işləyən vətəndaşlar adından kolxozçular və sovxoz işçiləri üçün müəyyən edilmiş qaydada dövlət sosial sığorta fonduna və pensiya fonduna ayırmalar ödəyir.
- Kəndli təsərrüfatı üzvlərinə, o cümlədən ailənin həmin təsərrüfatda çalışan 14 yaşından yuxarı üzvlərinə və müqavilə üzrə işləyən vətəndaşlara pensiya və müavinətlər Azərbaycan Respublikasının pensiya qanunvericiliyində nəzərdə tutulmuş qaydalarla və şərtlərlə təyin edilir.
Kəndli təsərrüfatının üzvlərinə və müqavilə üzrə işləyən vətəndaşlara əvvəllər təyin edilmiş pensiya onların gəlirlərindən asılı olmayaraq tam həcmdə ödənilir.
- Kəndli təsərrüfatının üzvləri, o cümlədən ailənin həmin təsərrüfatda çalışan üzvləri və təsərrüfatda əmək müqaviləsi üzrə işləyən vətəndaşlar əmək qabiliyyətini müvəqqəti itirməyə görə və digər müavinətlər, eləcə də dövlət sosial sığortası üzrə xidmətin başqa növləri ilə fəhlələr, qulluqçular və kolxoz üzvləri ilə bərabər səviyyədə təmin edilirlər. Kəndli təsərrüfatının üzvü olan qadınlara, bundan əlavə, hamiləlik və doğuma görə məzuniyyət və müavinət, işləyən qadınlar üçün nəzərdə tutulmuş digər məzuniyyətlər və güzəştlər səviyyəsində verilir.
- Pensiya təyin edilərkən kəndli təsərrüfatının üzvlərinin və müqavilə üzrə işləyən vətəndaşların təsərrüfatda işlədiyi bütün müddət onların iş stajına daxil edilir.
- Vətəndaşların kəndli təsərrüfatında işlədikləri müddət əmək kitabçasındakı qeydlərə və sosial sığorta üzrə haqqın verildiyini təsdiq edən sənədlərə əsasən dövlət sosial sığortası üzrə pensiya və müavinət verilərkən onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
- Kəndli təsərrüfatı, onun üzvləri və müqavilə üzrə işləyən vətəndaşlar vəzifələrini icra edərkən aldıqları şikəstliyə və sağlamlığın digər formada pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun maddi məsuliyyət daşıyır.
- Kəndli təsərrüfatının üzvlərinə sosial və mədəni xidmət göstərilməsi öz vəsaitləri və ictimai istehlak fondlarının vəsaiti hesabına həyata keçirilir. Kəndli təsərrüfatının üzvləri ictimai xarakterli sosial obyektlərin xidmətlərindən fəhlə, qulluqçu və kolxoz üzvləri ilə bərabər istifadə edirlər.
M a d d ə 40. Kəndli təsərrüfatının vergiyə cəlb edilməsi
Kəndli təsərrüfatı vergiyə Azərbaycan Respublikasının qanun-vericiliyi əsasında cəlb edilir. Kəndli təsərrüfatının, onun üzvlərinin və müqavilə üzrə işləyən vətəndaşların gəlirləri deklarasiyada tam əks olunmalıdır.
Kənd təsərrüfatı ilə əlaqədar olmayan fəaliyyət nəticəsində qazanılmış gəlirlərdən vergi qüvvədə olan qanunvericiliklə müəyyən edilir.
Maddə 41. Kəndli təsərrüfatının fəaliyyətinə nəzarət
Kəndli təsərrüfatının torpaqdan, kreditlərdən istifadə, vergilərin ödənilməsi, əməyin mühafizəsi, yanğından mühafizə, heyvanların xəstələnməsinin profilaktikası, bitkilərin xəstəliklərinə və zərərvericilərinə qarşı mübarizə, təbiəti mühafizə qanunvericiliyinə riayət edilməsi sahəsindəki və digər sahələrdəki fəaliyyətləri üzərində nəzarət buna xüsusi vəkil edilmiş orqanlar tərəfindən həyata keçirilir.
VI bölmə
KƏNDLİ TƏSƏRRÜFATININ FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
M a d d ə 42. Kəndli təsərrüfatının fəaliyyətinə xitam verilməsinin şərtləri
Kəndli təsərrüfatının fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:
- a)kəndli təsərrüfatında işləməkdən onun üzvləri könüllü surətdə imtina etdikdə. Bu barədə kəndli .təsərrüfatının başçısı ən azı bir ay qabaq müvafiq rayon, şəhər xalq deputatları Sovetinə xəbər verməlidir;
- b)kəndli təsərrüfatının üzvləri öldükdə, təsərrüfatın fəaliyyətini davam etdirmək arzusunda olan heç bir vərəsə qalmadıqda və ya həmin təsərrüfatın üzvləri kəndli təsərrüfatı ilə məşğul olmaqdan imtina etdikdə;
- v)bu Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş hallarda torpaq üzərində mülkiyyət hüququna xitam verildikdə;
- q)kəndli təsərrüfatı müflisləşdikdə;
ğ) kəndli təsərrüfatı başlıca olaraq (yarıdan çoxu) daimi muzdlu işçilərin əməyinə əsaslandıqda.
M a d d ə 43. Kəndli təsərrüfatının fəaliyyətinə xitam verilməsi qaydası
Kəndli təsərrüfatının fəaliyyətinə xitam verilməsi barədə qərar rayon, şəhər xalq deputatları Soveti tərəfindən qəbul edilir.
Kəndli təsərrüfatının ləğv edilməsinə dair qərar qəbul edildikdən sonra bu barədə icra hakimiyyəti başçısının kənd, qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi tərəfindən təsərrüfat kitabında müvafiq qeyd yazır.
Kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə onun əmlakından təsərrüfatda əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə haqq-hesab aparmaq, büdcə ödəmələrini vermək, bank ssudalarını qaytarmaq və digər borc verənlərlə hesablaşmaq üçün istifadə edilir, əmlakın yerdə qalan hissəsi isə təsərrüfatın üzvləri arasında bölünür.
Kəndli təsərrüfatının fəaliyyətinə xitam verildikdə, onun üzvlərinin yaşayış binasına və həyətyanı sahələrə, eləcə də mülkiyyətlərində olan digər əmlaka mülkiyyət hüququ saxlanılır.
Kəndli təsərrüfatının fəaliyyətinə xitam verilməsinə və əmlakının bölünməsinə dair mübahisələrə məhkəmə qaydasında baxılır.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
- MƏMMƏDOV.
Bakı şəhəri, 8 aprel 1992-ci il.
№ 102.
* Bundan sonra “kəndli təsərrüfatı”.
1 ) kəndli təsərrüfatının nümunəvi Nizamnaməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.