Qlobal ərzaq qiymətləri azaldı – HESABAT

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) oktyabr ayında qlobal ərzaq qiymətlərinin azaldığını bildirib.

Aqrarpress.az xəbər verir ki, bu barədə FAO məlumat yayıb.

Buna səbəb beynəlxalq idxalın zəifləməsi və dənli bitkilərin, süd məhsullarının və ətin qiymətlərinin düşməsi olub.

Məlumata görə, beynəlxalq ərzaq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Ərzaq Qiymətləri İndeksi oktyabr ayında əvvəlki aya nisbətən 1,2 faiz azalaraq 133,9 bala çatıb.

İndeks, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin mart ayında müəyyən edilmiş tarixi rekordundan təxminən 16,4 faiz aşağıda qalıb. Keçən ilin eyni dövrü ilə müqayisədə indeksdə 5,9 faiz artım qeydə alınıb.

 

FAO Taxıl Qiymət İndeksi oktyabr ayında sentyabr ayı ilə müqayisədə 4,5 faiz azalıb. Qlobal buğda qiymətləri dörd ayda ilk dəfə olaraq azalıb ki, bu da əsasən Argentinada istehsal proqnozlarının yaxşılaşması və tələbatın zəif olması ilə bağlıdır.

Qara dəniz bölgəsindən ixrac axınlarına dair nikbin gözləntilər qiymətlərə təsir göstərib, regiondakı logistika pozuntuları isə azalmanı məhdudlaşdırıb.

ABŞ-də məhsul yığımı təzyiqi və Cənubi Amerikada bol tədarük gözləntiləri səbəbindən qarğıdalı qiymətləri aşağı düşüb, düyü indeksi isə əlverişsiz hava şəraiti və məhsul yığımının gecikməsi səbəbindən oktyabr ayında 1,6 faiz artıb.

FAO Şəkər Qiymət İndeksi oktyabr ayında aylıq müqayisədə 6,6 faiz artaraq 2024-cü ilin dekabr ayından bəri ən yüksək səviyyəyə çatıb. Şəkər qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz artıb.

FAO Bitki Yağı Qiymət İndeksi oktyabr ayında məhdud – 0,3 faiz artım göstərib. 

FAO Süd Məhsulları İndeksi bol təklif və zəif alıcılıq marağı səbəbindən aylıq müqayisədə 1,1 faiz azalıb. FAO Ət Qiymətləri İndeksi də donuz əti, qoyun və mal əti qiymətlərinin düşməsi ilə əlaqədar olaraq 1,2 faiz azalıb.

Bənzər xəbərlər