Bazarda mal ətinin qiymətinin artmasının müəyyən obyektiv səbəbləri var və bu, ilk növbədə tələb-təklif amili ilə birbaşa əlaqədardır.
Aqrarpress,az bildirir ki,bunu İqtisadiyyat.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, ölkəmizdə mal ətinə olan tələbat günbəgün artır:
“Mətbəximizdə ət yeməkləri üstünlük təşkil edir. Eləcə də istər yerli sakinlərə, istərsə də ölkəyə gələn turistlərə əsasən kabab, dolma, bozbaş kimi ət xörəkləri təklif olunur. Əhalinin sayının və turist axınının artması, eləcə də ictimai iaşə və istirahət mərkəzlərinin şəbəkəsinin genişlənməsi ət məhsullarına olan tələbatı ciddi şəkildə yüksəldib. Digər tərəfdən, erkən kəsim heyvandarlığa böyük ziyan vurur. Bazara yetərincə çəki yığmamış xırda və iribuynuzlu heyvanlar çıxarılır — 7-9 kq-lıq quzular, 40-50 kq-lıq danalar kəsilir ki, bu da ümumi məhsuldarlığı kəskin aşağı salır. Halbuki xırda heyvanlar 40-50 kq, iribuynuzlu heyvanlar isə 400 kq-a çatdırıldıqdan sonra kəsilsə, əhalinin tələbatı daha dolğun ödənər”.

“Əlbəttə, dövlət tərəfindən bu istiqamətdə artıq müvafiq tədbirlər görülür. Aqrar sahənin inkişafına dair Dövlət Proqramı çərçivəsində heyvandarlığın və balıqçılığın inkişafı nəzərdə tutulub. Aqrar Subsidiya Şurası tərəfindən heyvandarlıq sahəsində subsidiya mexanizmi təkmilləşdirilib və ödənişlərin həcmi artırılıb. Kənd Təsərrüfatı Nazirliyi yerlərdə maarifləndirmə tədbirləri keçirərək fermerlərin heyvandarlığa yanaşmasını dəyişməyə çalışır. Lakin kompleks addımlar davam etdirilməlidir. Yerli icra hakimiyyəti və bələdiyyələr fermerlərə lazımi şərait yaratmalı, onların təklif və tələblərini vaxtaşırı müzakirə edərək aidiyyəti qurumlar qarşısında məsələ qaldırmalıdırlar. Heyvandarlığa olan münasibət köklü şəkildə dəyişməzsə, bazardakı bahalaşmanın qarşısını almaq çətin olacaq”, – Komitə sədri əlavə edib.\\\


