Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Təzəkənd kəndində iribuynuzlu və xırdabuynuzlu heyvanların dabaq xəstəliyinə qarşı peyvəndlənməsi həyata keçirilir.
Aqrarpress.az xəbər verir ki, peyvəndləmə tədbirlərinin əsas məqsədi kənd təsərrüfatı heyvanları arasında dabaq xəstəliyinin yayılmasının qarşısının alınması, heyvanların sağlamlığının qorunması və təsərrüfatlarda bioloji təhlükəsizliyinin təmin edilməsidir.
Tədbirlər çərçivəsində heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir və heyvan sahiblərinə profilaktik tədbirlərlə bağlı tövsiyələr verilir. Mütəxəssislər təsərrüfat sahiblərini baytarlıq-sanitariya qaydalarına ciddi riayət etməyə və xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon idarələrinə məlumat verməyə çağırırlar. Qeyd edək ki, dabaq xəstəliyinə qarşı ölkə üzrə həyata keçirilən profilaktik peyvəndləmə tədbirləri ödənişsiz əsaslarla həyata keçirilir.
Peyvəndləmə ilə yanaşı, təsərrüfatlarda baytarlıq nəzarətinin gücləndirilməsi və biotəhlükəsizlik tədbirlərinə əməl olunması da diqqətdə saxlanılır. Mütəxəssislər heyvan sahiblərinə dabağın əsas klinik əlamətləri, xəstəliyə şübhə yarandıqda görülməli tədbirlər və xəstəliyin təsərrüfatlar arasında yayılmasının qarşısının alınması yolları barədə profilaktik söhbətlər aparırlar. Heyvanların hərəkətinin və təsərrüfatlararası təmasların nəzarətdə saxlanılması, həmçinin xəstəlik şübhəsi barədə baytarlıq xidmətinə vaxtında məlumat verilməsi profilaktik tədbirlərin effektivliyinin artırılmasına xidmət edir.
Qeyd edək ki, dabaq cütdırnaqlı heyvanlar arasında yayılan, yüksək yoluxuculuq xüsusiyyətinə malik virus mənşəli xəstəlikdir. Xəstəlik heyvanların məhsuldarlığının azalmasına, təsərrüfatların fəaliyyətinin məhdudlaşmasına və iqtisadi itkilərə səbəb ola bilər. Dabaq kimi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə məqsədilə Aqrar Xidmətlər Agentliyi tərəfindən ölkə üzrə profilaktik tədbirlər və peyvəndləmə kampaniyaları həyata keçirilir, eyni zamanda fermer və heyvan sahibləri arasında maarifləndirmə işləri aparılır.
Hörmətli fermerlər və heyvan sahibləri! Heyvanlarda dabaq xəstəliyinin hər hansı əlaməti müşahidə edildikdə onları digər heyvanlardan ayırmaq və dərhal Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rayon idarələrinə məlumat vermək tövsiyə edilir. Eyni zamanda, xəstəliyin qarşısının alınması üçün heyvanların vaxtında peyvənd etdirilməsi vacibdir.







