Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi davamlı diqqət və dəstək nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı yüksək qiymətləndiririk. Sənədin hazırlanması zamanı dövlət qurumları, assosiasiyalar və istehsalçılar arasında çoxsaylı müzakirələr aparılıb, sektorun real ehtiyac və təklifləri nəzərə alınıb.
Aqrarpress.az bildirir ki,bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.
“Xüsusilə Dövlət Proqramında meyvə-tərəvəz və istixana sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır. İnanırıq ki, proqram Azərbaycanın meyvə-tərəvəz sektorunun mövcud ixrac potensialından daha səmərəli istifadə edilməsinə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və kənd yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verəcək”, – deyə Assosiasiya sədri qeyd edib.


