Bəzi fermerlər subsidiya almaq üçün müəyyən üsullara əl atırlar.
Aqrarpress,az bildirir ki,bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bəzi hallarda subsidiya almaq üçün torpağın həcmini artıq göstərənlərə də rast gəlinir:
“Ancaq görürsən ki, az əkir və yaxud müəyyən sənədlərdə əkin sahəsini artıq göstərir. Digər tərəfdən bəzi hallarda sahənin ortasında başqa, ətrafında isə tamam başqa əkin növlərinə rast gəlinib. Bu cür hallar əvvəllər olub. Fermerlər tərəfindən müəyyən yollara əl atılır, ancaq nəzarət güclüdür, belə hallara yol verənlər cərimə olunurlar. Bu insanlar özlərinə xeyir etdiklərini düşünürlər, amma sonradan bu adamlar cərimələnir, inzibati cəzalara məruz qalırlar. Bu, düzgün yol deyil”.
Komitə sədri bildirib ki, əsl fermer kənd təsərrüfatının qeydinə qalmalıdır, məhsuldarlığın artırılmasının yolları haqda düşünməlidir: “Müəyyən hallar var, ancaq belə halların aradan qaldırılması üçün müvafiq orqanlar tədbirlər görürlər”.


