Bu torpaqlar mülkiyyətçilərindən alına, sahiblərinə pul verilə bilər – Komitə sədrindən AÇIQLAMA

“Əkinə yararlı torpaqlar daim istifadədə olmalıdır”

Aqrarpress.az bildirir ki, bunu İqtisadiyyat.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

 

Onun sözlərinə görə, bu gün ölkəmizdə istifadəsiz torpaqlar çoxdur və hətta 10-15 il ərzində istifadə olunmayan torpaq sahələri də mövcuddur.

Komitə sədri bildirib ki, belə olan halda həmin torpaqlar öz münbitliyini itirir və gələcəkdə yüksək məhsul vermək qabiliyyətinə malik olmur:

“Ona görə də torpaqlar mütləq istifadə edilməlidir. Əgər kimsə torpağından lazımi qaydada istifadə edə bilmirsə, onu digərinə icarəyə verə bilər. Əgər icarəyə vermək istəmirsə, müəyyən mexanizmlər olmalıdır, torpaq ondan alınıb başqa şəxsə icarəyə verilməlidir və deyildiyi kimi torpaq sahibinin hesabına vəsait köçürülə bilər”.

T.Rzayev söyləyib ki, digər tərəfdən kiçik torpaq sahələrinin istifadəsi bu gün yüksək səmərə vermir: “Kooperasiya haqqında” qanun qəbul etmişik. Bu qanunun tələblərinə görə ailə təsərrüfatları yaradılmalıdır, müəyyən kiçik torpaq mülkiyyətçilərinin torpaqları birləşməli və iri təsərrüfatlar yaradılmalıdır. Çünki iri təsərrüfatlar daha çox məhsul vermək imkanına malikdir. Ancaq nədənsə bu proses çox zəif gedir. Bir də görürsən ki, sahibkar 6 hektar torpaq sahəsini üç hissəyə ayıraraq taxıl, pambıq və yonca əkir və onun suvarılması, texnikanın işləməsi, orada müəyyən xidmətin baş tutması çətinləşir. Ancaq bir də var ki, 50 hektar yer ola və onun hamısına taxıl əkəsən. 50 hektar həm normal suvarıla bilər, həm texnika orada yaxşı, səmərəli işləyə bilər və sözsüz ki, maşın mexanizmlərinin bir sahədən digər sahəyə keçməsi asanlaşar. Ona görə də qaldırılan məsələ çox vacibdir. Hesab edirəm ki, torpaq mülkiyyətçiləri bu məsələləri daim gündəmdə saxlamalıdırlar və yüksək məhsul əldə etmək istəyirlərsə, öz gəlirlərini artırmaq təşəbbüsündədirlərsə, mütləq deyilənlərə, qabaqcıl təcrübəyə əməl olunmalıdır”.

Bənzər xəbərlər