İqtisadçı Asif İbrahimov: “Mövcud model çərçivəsində yerli istehsal zəifləyir: iqtisadi model yenidən qurulmalıdır”

İqtisadçı Asif İbrahimov: “Mövcud model çərçivəsində yerli istehsal zəifləyir: iqtisadi model yenidən qurulmalıdır”

İqtisadçı Asif İbrahimov: "Mövcud model çərçivəsində yerli istehsal zəifləyir: iqtisadi model yenidən qurulmalıdır"

Son illərdə müşahidə olunan iqtisadi tendensiyalar göstərir ki, yerli istehsalın zəifliyi və idxal məhsullarının bazarda üstün mövqeyə çıxması artıq sistemli bir problemə çevrilib. Bu vəziyyət xüsusilə ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaradır və mövcud iqtisadi modelin effektivliyi ilə bağlı əsaslı suallar doğurur. Hazırda ölkədə tətbiq olunan iqtisadi yanaşma gözlənilən nəticələri vermir. Ayrı-ayrı sahələrdə həyata keçirilən kosmetik dəyişikliklər və qısamüddətli tədbirlər problemin mahiyyətini həll etmir. Mövcud model nə daxili istehsalı gücləndirə bilir, nə də bazarda rəqabətqabiliyyətli məhsul formalaşdırır. Nəticədə bazar idxaldan asılı vəziyyətə düşür, yerli istehsal isə tədricən sıxışdırılır.

 

Aqrarpress.az bildirir ki.bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Asif İbrahimov danışıb. İqtisadçı qeyd edib ki, əsas məsələ ondan ibarətdir ki, ölkə artıq seçim qarşısındadır: “Ya biz mövcud vəziyyətlə barışaraq daxili istehsalın zəifliyini qəbul edib bazarı tam liberallaşdırmalıyıq — o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzvlüyü sürətləndirməklə daha ucuz idxal məhsullarına imkan yaratmalıyıq. Bu halda istehlakçı qısa müddətdə ucuz məhsul əldə etsə də, uzunmüddətli perspektivdə yerli istehsalın sıradan çıxması və iqtisadi asılılığın dərinləşməsi qaçılmaz olacaq. Ya da daha çətin, lakin strateji baxımdan zəruri yol iqtisadi modelin köklü şəkildə dəyişdirilməsidir: ucuz və səmərəli istehsal zəncirlərinin qurulması, rəqabətədavamlı və keyfiyyətli məhsul istehsalı, texnologiya və innovasiyaya əsaslanan inkişaf və real rəqabət mühitinin formalaşdırılması.”

İqtisadçı Asif İbrahimov vurğulayıb ki, ərzaq təhlükəsizliyi kontekstində vəziyyət daha da kritikdir. Strateji ərzaq məhsulları üzrə idxaldan yüksək asılılıq ölkəni qlobal şoklara qarşı həssas edir. Dünyada baş verən istənilən böhran — istər pandemiya, istər müharibə, istərsə də ticarət məhdudiyyətləri — birbaşa daxili bazarda qiymət artımına və potensial qıtlığa səbəb ola bilər.

İqtisadçının fikrincə, artıq yarımçıq və fragmentar islahatlarla nəticə əldə etmək mümkün deyil: “İqtisadiyyatın böyür-başını düzəltməklə problem həll olunmur. Sistemli, ardıcıl və nəticəyönümlü transformasiya tələb olunur. Bu gün əsas sual budur: biz daxili istehsalın zəifliyini qəbul edib idxaldan asılı modeli seçəcəyik, yoxsa çətin, lakin dayanıqlı inkişaf yolu ilə rəqabətədavamlı iqtisadiyyat quracağıq? Vaxt isə məhduddur — gecikən qərarlar sabah daha ağır iqtisadi və sosial nəticələr doğura bilər.”

Bənzər xəbərlər