“Caspian Agro Week” və “InterFood Azerbaijan” aqrar-qida sərgiləri may ayında baş tutacaq

Azərbaycanda beynəlxalq sərgilər mövsümünə may ayında kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirləri ilə start veriləcək. Mayın 5-dən 8-dək Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.

 Aqrarpress.az AZƏRTACa əsasən xəbər verir ki, bu sərgilər kənd təsərrüfatı və qida sənayesi kimi strateji sahələri əhatə etməklə dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Ənənəvi olaraq Azərbaycan Prezidenti İlham Əliyev sərgiləri ziyarət edərək Bakı Ekspo Mərkəzində nümayiş olunan ekspozisiyalar və iştirakçı şirkətlərlə tanış olur. Sərgilərə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkilati dəstək göstərilir.

Tədbirlərin keçirilməsinə Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək verir. “Caspian Agro Week” sərgisinin sponsorları “Imotors” və “Lovol” şirkətləridir. Bu il sərgilər bir sıra yeniliklərlə yadda qalacaq. Belə ki, daha əvvəl “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yenilənmiş konsepsiya ilə “Caspian Agro Week” brendi altında təşkil olunur.

Təşkilatçılar bildirirlər ki, yeni format sərginin imkanlarını genişləndirəcək, iştirakçılar və ziyarətçilər üçün daha səmərəli əməkdaşlıq və biznes dialoquna şərait yaradacaq. Hazırda sərgilərə hazırlıq işləri davam edir. İndiyədək tədbirlərdə iştirakını dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq şirkət təsdiqləyib. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Braziliya, Cənubi Koreya, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Hindistan, İndoneziya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Latviya, Misir, Niderland, Qazaxıstan, Rusiya, Şimali Kipr, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya və Vyetnamı əhatə edir. Eyni zamanda sərgilər çərçivəsində AFAZ (Africa-Azerbaijan Cooperation), Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland, İndoneziya və Şimali Kipr milli pavilyonlarla təmsil olunacaq. Qeyd olunmalıdır ki, AFAZ, Braziliya və Şimali Kipr bu tədbirlərdə ilk dəfə iştirak edir.

Bu il də Bakı Ekspo Mərkəzinin ekspozisiya sahələrinin böyük hissəsi artıq müxtəlif ölkələrdən olan şirkətlər tərəfindən rezerv edilib. Sərgilər mərkəzin həm qapalı pavilyonlarında, həm də açıq hava sahəsində təşkil olunacaq. Açıq sahədə kənd təsərrüfatı texnikası və müasir aqrar avadanlıqların geniş ekspozisiyası təqdim ediləcək. Mühüm yeniliklərdən biri də “InterFood Azerbaijan” sərgisinin vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçirilməsi olacaq. Bu yanaşma ziyarətçilərə qida sənayesinə aid bütün yeniliklərlə daha rahat və operativ şəkildə tanış olmaq imkanı yaradacaq.

Sərgilərdə Azərbaycanın regionları da fəal şəkildə təmsil olunacaq. Bu, yerli istehsalçıların potensialının təqdimatı və regionların aqrar imkanlarının tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Tədbirlər çərçivəsində zəngin işgüzar proqram nəzərdə tutulub. Belə ki, 4 gün ərzində “Qızıl Şah 2026” Beynəlxalq Kulinariya Çempionatı, “Food & Agro Talks” təqdimatları və ustad dərsləri, 3-cü Beynəlxalq Aqrar İnnovasiya Forumu, 5-ci Aqrobiznesin İnkişafı Forumu, aqrar sığorta üzrə forum, Aqronomların II Beynəlxalq Forumu, “AGROSCIENCE” Forumu, eləcə də fermerlər üçün xüsusi təşkil olunmuş sərgi turları keçiriləcək. Bununla yanaşı, B2B və B2G formatında işgüzar görüşlər də yeni yanaşmada təqdim ediləcək. “Caspian Agro Week”, “InterFood Azerbaijan” və “Horeca Caspian” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Rəsmi otel tərəfdaşı “Absheron Hotel Group”, rəsmi “outdoor” reklam tərəfdaşı isə “Bilbord.al” şirkətidir. Sərgilər haqqında ətraflı və daim yenilənən məlumatları www.caspianagroweek.azwww.interfood.az və www.horecaexpo.az rəsmi internet səhifələrindən, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Bənzər xəbərlər