İntensiv yağışlar bu il məhsuldarlığın yüksək olacağından xəbər verir – ARAŞDIRMA

Son günlər ölkə ərazisində yağıntılı hava şəraiti hökm sürür. İntensiv yağıntıların kənd təsərrüfatının bir çox sahələrinə faydaları da vardır. Məhsuldarlığın yüksək olduğu digər fəsillər kimi yaz mövsümündə də bir çox – dənli, paxlalı və digər bitkilərin yığımı həyata keçirilir. Bəs bu mövsümdə məhsuldarlığın necə olacağı gözlənilir?

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev Aqrapress.az-a açıqlamasında deyib ki, kənd təsərrüfatında məhsuldarlığın artması, təbii şəraitdən, xüsusilə də hava şəraitinin normal keçməsindən asılıdır.

Onun sözlərinə görə, yağışlı və qarlı günlərin çox olması gələcək məhsuldarlığın yüksək olacağından xəbər verir: “Çünki su ehtiyatlarının yaranması və torpağın kifayət qədər nəmlə təmin olunması aqrotexniki tədbirlərin vaxtında və səmərəli aparılmasına, məhsulun yüksək səviyyədə əldə edilməsinə, bitkilərin normal inkişafına şərait yaradır”.

Ötən il ölkədə yüksək taxıl məhsulunun əldə olunduğunu xatırladan Komitə sədri söyləyib ki, ümumilikdə 3 milyon 370 min tondan çox dənli və paxlalı bitkilər yığılıb, 366 min ton pambıq, 201 min ton üzüm istehsal edilib: “Heyvandarlıq sahəsində də müsbət nəticələr qeydə alınmış, məhsuldarlıq əvvəlki illərlə müqayisədə artmışdır. Bu il də yaxşı nəticələrin əldə olunacağı gözlənilir”.

T.Rzayev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə torpaqların əkin dövriyyəsinə daxil edilməsi, eləcə də orada məskunlaşan əhaliyə mülkiyyət və ya istifadə hüququ formasında torpaqların verilməsi əkin sahələrinin genişlənməsinə və aqrar sektorun inkişafına müsbət təsir göstərəcək: “Bu isə bazarda qiymətlərin sabitləşməsi, bir sıra məhsulların ucuzlaşması üçün zəmin yaradır. Bununla yanaşı, məhsuldarlığın yüksək olması və bol məhsul əldə edilməsi insanların maddi rifahının yüksəlməsi, gəlirlərinin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, bu proses yeni iş yerlərinin açılmasına da töhfə verir.”

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə İqtisadiyyat.az-a bildirib ki, yazın məhsuldar keçməsi üçün bir neçə əsas amil vacibdir.

Onun sözlərinə görə, əvvəlcə hava şəraiti – sərt, şaxtalı və qarlı qış, erkən yazda mülayim temperatur, kifayət qədər günəş işığı və müntəzəm yağıntı bitkilərin yaxşı inkişafı üçün əsas şərtlərdir: “Torpağın vəziyyəti də önəmlidir – torpaq nə qədər minerallarla zəngin və nəmli olsa, məhsuldarlıq bir o qədər yüksək olur. Həmçinin düzgün gübrələmə, zərərvericilərə qarşı tədbirlər və əkilən bitki növlərinin iqlimə uyğunluğu da məhsuldarlığı artırır”.

A.Nəsirli söyləyib ki, bu ilin məhsuldarlığı barədə proqnoz vermək üçün meteoroloji məlumatlar və torpaq şəraiti əsas götürülür: “Əgər yaz mövsümü kifayət qədər yağışlı və günəşli keçərsə, məhsul bol ola bilər. Quraqlıq və ya ani hava dəyişiklikləri isə məhsuldarlığa mənfi təsir göstərə bilər”.

İqtisadçı vurğulayıb ki, məhsuldarlığın çox olması qiymətlərə birbaşa təsir göstərir: “Əgər məhsul bol olarsa, bazarda təklif artacağı üçün qiymətlər aşağı düşə bilər. Əksinə, məhsul az olarsa, tələb və təklif balansı pozulduğu üçün qiymətlər yüksəlir. Bu səbəbdən fermerlər və istehlakçılar üçün məhsuldarlıq həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından önəmlidir”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəfov isə İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, yaz mövsümündə kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl, arpa və digər bitkilərin inkişafı üçün əsas şərtlərdən biri qışın kifayət qədər sərt və yağıntılı keçməsidir.

Bu il Azərbaycanda qış fəslinin demək olar ki, yağmurlu və qarlı keçdiyini xatırladan mütəxəssisin sözlərinə görə, yağışın, qarın və şaxtanın olması məhsulların daha bərəkətli olmasına zəmin yaradır: “Bununla yanaşı, suvarma və gübrələmə kimi mühüm amillər də xüsusi rol oynayır. Bu amillərdən düzgün və vaxtında istifadə olunarsa, cari ildə yüksək məhsuldarlıq əldə etmək mümkündür”.

 

Ş.Nəcəfov qeyd edib ki, kənd təsərrüfatına konseptual yanaşmanın yetərli olmaması bu sahədə müəyyən geriləmələrə səbəb olur: “Fermerlər çox vaxt istədikləri nəticələri əldə edə bilmirlər. Dəyər zəncirinin tam formalaşmaması, subsidiya və dəstək mexanizmlərinin vaxtında işləməməsi, suvarmada gecikmələr məhsuldarlığa mənfi təsir göstərir. Bununla belə, ümid edirəm ki, bu il su təminatında ciddi problem yaranmazsa, taxıl və arpa üzrə məhsuldarlıq qənaətbəxş olacaq. Lakin suvarma, gübrələmə və zərərvericilərə qarşı mübarizə tədbirləri vaxtında aparılmadıqda məhsuldarlıq 20–30 faizədək azala bilər. Buna görə də bütün aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, kənd təsərrüfatı idarələrinin fəaliyyəti gücləndirilməli və onlara daha geniş səlahiyyətlər verilməlidir. Bu, terli səviyyədə operativ qərarların qəbul edilməsi və proseslərin effektiv idarə olunması üçün vacibdir. Ona görə də rayon və bölgələrdə fəaliyyət göstərən qurumların fəallığının artırılması və onların kənd təsərrüfatına daha yaxından dəstək verməsi zəruridir.”

 

Bənzər xəbərlər