Azərbaycanda son illər ərzində həyata keçirilən məqsədyönlü islahatlar və iqtisadi inkişaf strategiyasında yerli istehsalın gücləndirilməsinə xüsusi önəm verilir. Bu baxımdan, bugünkü sərgi yerli istehsalın təşviqi, istehsalçılarla istehlakçılar arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından olduqca əhəmiyyətli platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.
O bildirib ki, belə təşəbbüslər ölkəmizdə yerli brendlərin tanınmasında, iqtisadiyyatın şaxələndirilməsində, məşğulluğun artırılmasında və regionlarda sosial rifahın yüksəldilməsində mühüm rol oynayır.
“Kənd təsərrüfatı sektoru dövlətin prioritet istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bu sahədə fermerlərə göstərilən dəstək tədbirləri, o cümlədən kənd təsərrüfatı kreditləri və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi fermerlərin maliyyə resurslarına çıxış imkanlarını xeyli asanlaşdırılıb. Güzəştli kreditlər vasitəsilə fermerlər müasir texnika və texnologiyalar əldə edərək məhsuldarlığı artırmaqla yanaşı, innovativ yanaşmaların tətbiqinə geniş imkanlar qazanırlar. Subsidiyalar isə kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, istehsal proseslərinin optimallaşdırılması və aqrar sığorta sisteminin gücləndirilməsi istiqamətində mühüm dəstək mexanizmi kimi çıxış edir. Bütün bu tədbirlər fermerlərin risklərini minimuma endirərək onların fəaliyyətlərinin dayanıqlı və səmərəli şəkildə davam etməsinə şərait yaradır”,- deyə nazir qeyd edib.
Məcnun Məmmədov diqqətə çatdırıb ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkənin müxtəlif bölgələrində mütəmadi təşkil edilən Aqrar Biznes Festivalları da bu istiqamətdə vacib rol oynayır: “Sözügedən festivallar fermerlər və istehsalçılar arasında bilavasitə əlaqələrin qurulmasına, satış imkanlarının genişlənməsinə, ixrac yönümlü əməkdaşlıqların yaranmasına və innovativ texnologiyalara çıxış imkanlarının artırılmasına xidmət edir. Beynəlxalq Kənd Təsərrüfatı Sərgiləri də yerli istehsalçılara öz məhsullarını təqdim etmək və yeni işgüzar əlaqələr qurmaq baxımından mühüm fürsətlər yaradır. Dövlətimiz tərəfindən innovativ yanaşmaların təşviq edilməsi, müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması və istehsal proseslərinin daha səmərəli təşkil edilməsi bu sahədə əsas hədəflər sırasındadır”.