Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müavini Ramazan Nəbiyev 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. O, AQTİ-nin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu, institutun laboratoriyalarında həyata keçirilən analizlər, “HALAL” sertifikatlaşdırma prosesi, planlaşdırılan işlər, qida obyektlərində HACCP sisteminin tətbiqi və digər məsələlərlə bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik
– Əvvəlcə 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik…
– Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinə dünya miqyasında diqqəti cəlb etmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin məsuliyyətini vurğulamaq məqsədilə təsis olunub. 2018-ci ildə BMT Baş Assambleyasının 73-cü sessiyasında iyunun 7-si Ümumdünya Qida Təhlükəsizliyi Günü elan edilib. 2020-ci il avqustun 3-də Ümumdünya Səhiyyə Assambleyası bu günü qida təhlükəsizliyinin əhəmiyyətini bütün səviyyələrdə artırmaq, qida mənşəli xəstəliklərin qarşısını almaq üçün tədbirləri təşviq etmək və qlobal səyləri gücləndirmək məqsədilə mühüm platforma kimi tanıyıb. Ümumdünya Qida Təhlükəsizliyi Günü hər il fərqli şüarlarla qeyd olunur. Bu il Ümumdünya Qida Təhlükəsizliyi Günü “Qida təhlükəsizliyi: Elm fəaliyyətdədir” şüarı altında qeyd edilir. Bu şüar qida təhlükəsizliyinin təmin olunmasında elmi biliklərin və onların praktik tətbiqinin vacibliyini ön plana çıxarır. Qida təhlükəsizliyi ictimai sağlamlığın qorunması, insanların təhlükəsiz və keyfiyyətli qidaya çıxışının təmin edilməsi baxımından olduqca vacibdir. Bu məqsədə çatmaq üçün elm mühüm rol oynayır. Müasir elmi nailiyyətlər qida zəncirinin bütün mərhələlərində – istehsal, emal, saxlanma, daşınma və istehlak zamanı potensial təhlükələrin aşkarlanması və idarəolunması üçün əsas vasitə kimi çıxış edir. Mikrobiologiya, kimya, biotexnologiya, qida mühəndisliyi və digər sahələrdəki elmi araşdırmalar qida məhsullarında yoluxucu mikroorqanizmlərin, toksinlərin, pestisid qalıqlarının və digər zərərli maddələrin mövcudluğunu müəyyənləşdirməyə imkan verir. Bu da həm istehlakçının sağlamlığının qorunması, həm də istehsalçıların məsuliyyət daşıdığı təhlükəsizlik standartlarına əməl etməsi üçün əsas şərtdir. Bundan əlavə, risklərin qiymətləndirilməsi, izləmə və monitorinq sistemləri də elmə əsaslanan metodlarla həyata keçirilir. Bu sahədə beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Kodeks Alimentarius Komissiyasının elmi tövsiyələri ölkəmizdə bu sahədə milli qanunvericiliyin və normativ sənədlərin hazırlanmasında mühüm baza rolunu oynayır. Qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin peşəkar hazırlığı da elmi yanaşmalara əsaslanır. Laborator tədqiqatlar, təhlükə analizləri (HACCP sistemi), yeni texnologiyaların tətbiqi və elmi maarifləndirmə tədbirləri qida təhlükəsizliyinin dayanıqlı şəkildə təmin olunmasına xidmət edir.
– AQTİ-nin ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində rolu nədən ibarətdir?
– AQTİ-nin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək üçün ölkədə qida təhlükəsizliyini elmi əsaslarla səmərəli şəkildə təşkil etməkdir. İnstitut qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığının qorunması məqsədi ilə laborator analizlər həyata keçirir, elmi-praktiki araşdırmalar aparır, müasir tədqiqat işləri və elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi proseslərini icra edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” layihəsi çərçivəsində Azərbaycanda mövcud qida təhlükəsizliyi sistemi qiymətləndirilib və FAO ilə ÜST tərəfindən müəyyən edilən ideal qida təhlükəsizliyi modelinə uyğun olaraq 25 əsas səriştənin (kompetensiyanın) ölkəmizdə nəzərə alındığı və tətbiq edildiyi təsdiqlənib. Bu, Azərbaycanın qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara cavab verdiyini göstərir. Hazırda ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət daşıyan laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
– Hazırda institutun neçə laboratoriyası var və bu laboratoriyalar harada fəaliyyət göstərir?
– AQTİ-nin nəzdində qida təhlükəsizliyi, bitki sağlamlığı, heyvan sağlamlığı və kompleks tədqiqatlar istiqamətində ümumilikdə 17 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalardan 7-si Bakı şəhərində, 10-u isə ölkənin müxtəlif regionlarında yerləşir. Bundan əlavə, institutun nəzdində operativ və çevik nəzarət imkanlarını təmin edən mobil laboratoriyalar da fəaliyyət göstərir. Hazırda mobil laboratoriyaların sayı 8-dir. Onlardan 4-ü maşın, 4-ü isə çadır tipli laboratoriyalardır. Bu laboratoriyalar dövlət əhəmiyyətli tədbirlərdə, fövqəladə hallarda, səyyar monitorinqlərdə və təcili analiz ehtiyaclarında effektiv şəkildə istifadə olunur.