“Qida Təhlükəsizliyi Agentliyi yaranandan küçə kəsimlərini ləğv etmək istəyir. Bu işdə çox mühüm məsuliyyətlərdən biri icra hakimiyyəti orqanlarının və polislərin üzərinə düşür”.
Bu fikirləri Redaktor.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov küçə kəsimləri ilə bağlı danışarkən bildirdi.
“Lakin bazarın klassik aksiomu işləyir. İnsanlar gördükləri əti almaq istəyirlər, buna görə də küçə kəsimləri davam edir. Bazarın aksiomuna qarşı mübarizə aparmaq o qədər də asan deyil. Bəs bunun qarşısını almaq üçün neynəmək lazımdır? Bunun qarşısını almaq üçün AQTA istehlakçıları öz işlərinə inandırmalıdır. İnsanlar AQTA-nın verdiyi sənədlərə inanmalıdır”.
E.Hüseynov qeyd etdi ki, Sovet hökumətinin vaxtından əhali qəssabların yalançı möhürlərini görüblər, yalançı baytar xidmətini görüblər.
“Buna görə də ətalət qanunu üzrə gördükləri malı almaq istəyirlər. Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün mallar, o cümlədən ətlər bükülməlidir, yararlılıq tarixi, hansı firmada istehsal olunduğu göstərilməlidir. 4 il bundan əvvəl mən AQTA İctimai Şuranın üzvü olan zaman bu məsələləri dəfələrlə qaldırdım və AQTA-nın o vaxtkı sədr müavini Rəşad Mafusov mənimlə görüşdü. Tənqidimi azaltmağımı xahiş etdi. O dedi ki, 2 ilə heyvanların identifikasiyası işini həyata keçirəcəyik və izləmə aparılacaq və heç kim qanunsuz kəsim apara bilməyəcək. Lakin heyvanların identifikasiya məsələsi 1% belə yerinə yetirilməyib. Belə çıxır ki, 200 ildən artıq gözləməliyik, bu məsələlər həll olunsun. AQTA-nın, icra hakimiyyəti orqanlarının effektsiz bir işidir. AQTA elə bir iş aparmalıdır ki, insanlar ona inansınlar və küçə kəsimindən əl çəksinlər. AQTA KİV və əhali ilə effektiv işləyə bilmir və özünə inandırmağı bacarmır”, – deyə müsahibimiz bildirdi.