Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir

Son vaxtlar Ermənistanda Rusiya ilə münasibətlərin normallaşdırılmasına dair müəyyən siqnallar hiss olunur. Bu isə mövcud geosiyasi vəziyyətlə sıx bağlıdır. Ermənistan anlayır ki, ABŞ regiona olan marağını itirib. Bayden administrasiyasından fərqli olaraq, Tramp hökuməti Rusiya ətrafında ciddi mühasirə yaratmaq, qonşu ölkələrə dəstək vermək və Moskvanın əleyhinə geniş cəbhə formalaşdırmaq siyasətini həyata keçirmir.

Bu fikirləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Paşinyan Qərbin dəstəyindən tam əmin olmadığı üçün Rusiyaya meyillənməyə məcburdur:

“Hazırda yalnız Avropa ölkələri aktiv görünür. Lakin onların da ABŞ-sız geosiyasi nizamı dəyişmək imkanları məhduddur. Bu səbəbdən Ermənistan Baş naziri Nikol Paşinyan düşünür ki, mövcud münaqişədə Qərb onu müdafiə etməyəcək – necə ki, Ukrayna məsələsində Qərb yalnız məhdud dəstək verdi. Bütün bu reallıqları nəzərə alan Paşinyan tədricən Moskva ilə münasibətləri qaydaya salmağa çalışır”.

Politoloq qeyd edib ki, Lavrovun səfəri Paşinyan üçün həm daxili, həm də xarici təzyiqləri azaltmaq fürsətidir:

“Paşinyan son vaxtlar Rusiya ilə əlaqələri bərpa etməyə çalışır. Paşinyan ona qarşı göstərilən hörmətsizlik və laqeyd münasibətə baxmayaraq, Moskvada keçirilən parada qatıldı. Bu, müəyyən mesajlar verir. Eyni zamanda, Ermənistan daxilində Paşinyana qarşı ciddi etiraz dalğası formalaşıb. Müxalifət, xüsusilə Köçəryan-Sərkisyan cütlüyü birləşərək vahid cəbhə yaratmağa çalışır. Paşinyan həm daxildə, həm də xaricdə təzyiqlərlə üz-üzədir. Bu təzyiqlərə qarşı dayana bilmək üçün düşünür ki, Rusiya ilə münasibətləri düzəltmək lazımdır. Ən azı Rusiya onun əleyhinə dövlət çevrilişinə cəhd etməsin. Artıq Ermənistan daxilində Köçəryanın oğlu və digər potensial namizədlərin hazırlanması ilə bağlı məlumatlar yayılıb. Bütün bunlar diqqətlə hesablanır. Məhz bu səbəbdən Paşinyan Rusiyaya yaxın kurs götürməyə başlayıb. Lavrovun davranışları da bu kursa uyğun görünür. Ola bilsin ki, Moskva Ermənistandan Gürcüstan kimi birbaşa Rusiyaya yaxın xətt tutmasını, Qərblə əlaqələrini zəiflətməsini tələb edəcək.

İrəvanın Fransa və bəzi Avropa ölkələri ilə münasibətləri qismən davam edə bilər, lakin əvvəlki kimi Qərb blokunun bir hissəsi olmayacaq və yenidən Rusiyanın orbitində qalacaq. Nəticədə belə bir ortaq razılaşma formalaşa bilər”.

Bənzər xəbərlər

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli bahalaşaraq 66,35 dollara, yüngül neft isə ucuzlaşaraq 62,56 dollara

Davamını oxu »