Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2006-cı ilin martında BMT Baş Assambleyasının qətnaməsi ilə təsis edilib və hər il mayın 17-də qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün bütün proqramçılar, sistem administratorları, internet provayderləri, veb-dizaynerlər, onlayn portalların redaktorları və informasiya texnologiyaları sahəsi ilə məşğul olanlar üçün peşə bayramı günü kimi qeyd olunur.
2006-cı ilədək bu gün Ümumdünya Telekommunikasiya Günü kimi qeyd edilib.
Bayramın məqsədi internet və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə gətirə biləcəyi imkanlar, o cümlədən rəqəmsal uçurumun aradan qaldırılması yolları haqqında məlumatlılığı təbliğ etməkdir. Nəticədə, innovativ texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədən tutmuş, aclıq və yoxsulluğa son qoymağa kimi dünyanın ən aktual problemlərinin həllinə kömək edə bilər. Davamlı gələcək qurmaq bu gün həmişəkindən daha çox rəqəmsal dünyada innovativ fəaliyyət tələb edir.
Məhz innovativ texnologiyalar, bəşəriyyəti əvvəllər ağlagəlməz dəbdəbə ilə təmin edir: məlumat və bilik əsas sərvətə çevrilir, özünü inkişaf etdirmək, onlayn təhsil və öz potensialını həyatda reallaşdırmaq üçün görünməmiş imkanlar açır.
Son onillikdə kommunikasiyanın təminatı vəzifəsi daha mürəkkəb və vacib olub. Sadəcə, hər insanı İnternetə çıxış imkanı ilə təmin etmək artıq kifayət deyil. Yeni tələblər daha mənalı kommunikasiyanı tələb edir – təhlükəsiz, həssas, zənginləşdirici, məhsuldar və əlçatan onlayn təcrübələrdən faydalanmaq imkanı. Ən az inkişaf etmiş ölkələr üçün bu, ciddi problem olaraq qalır. Hazırda az inkişaf etmiş ölkələr və dünyanın qalan hissəsi arasında rəqəmsal uçurum qalmaqda davam edir.
Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü artan rəqəmsal gender uçurumuna həsr olunub.
Teleqrafdan radioya, internetdən süni intellektə qədər texnologiya bizim yaşayış, iş və ünsiyyət tərzimizi dəyişdi. Lakin onların faydaları cəmiyyətlərdə son dərəcə qeyri-bərabər paylaşıb. BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı müraciətində bildirib ki, bu il rəqəmsal transformasiyada gender bərabərliyi məsələsinə diqqət xüsusi aktual və zəruridir. “Biz bəşəriyyətin yarısının geridə qaldığı rəqəmsal gələcəyi ödəyə bilmərik”, – deyə A.Quttereş bildirib.
“Texnologiyada bərabərlik, sadəcə, cihazlara və internetə çıxışdan daha çox önəmlidir. Bunlar, ilk növbədə, bacarıqları inkişaf etdirmək, rəqəmsal iqtisadiyyatda iştirak etmək, yerli və qlobal problemləri həll etmək üçün texnologiyalardan istifadə etmək imkanlarıdır. Qadınlar və qızlar geridə qaldıqda, cəmiyyətlər iqtisadi inkişaf, innovasiya və sosial tərəqqi potensialını itirirlər”, – deyə BMT-nin Baş katibi əlavə edib.
Bu il qadınların hüquqlarını inkişaf etdirmək üçün tarixi qlobal öhdəlik olan Pekin Fəaliyyət Platformasının 30-cu ildönümünü qeyd edir. “Pekin+30” gündəliyi rəqəmsal gender uçurumunu aradan qaldırmaq üçün cəsarətli addımların atılmasını tələb edir – internetə çıxışın genişləndirilməsindən tutmuş, texnologiya sahəsində lider mövqelərdə qadınların təmsilçiliyinin artırılmasına qədər.
Həmçinin 2025-ci ildə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 160 illik yubileyini qeyd edir. 1865-ci il mayın 17-də qlobal teleqraf şəbəkələrini koordinasiya etmək üçün yaradılan BTİ bu gün inklüzivliyə və insan hüquqlarına hörmətə xüsusi diqqət yetirməklə, beynəlxalq rəqəmsal siyasətin və infrastrukturun formalaşdırılmasında əsas rol oynayır.
Azərbaycan da rəqəmsal infrastrukturun inkişafı istiqamətində mühüm addımlar atıb və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. Rəqəmsallaşma reallığımızı formalaşdıran qlobal dəyişikliklərin tərkib hissəsidir. Rəqəmsal transformasiya məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin müasir rəqəmsal xidmətlərə çıxışını təmin edəcək etibarlı infrastruktur yaratmaq lazımdır. Belə infrastrukturun əsas elementlərindən biri yüksəksürətli internetə çıxışdır.
İnternet infrastrukturunun inkişafına yönəlmiş mühüm təşəbbüslər arasında “Onlayn Azərbaycan” layihəsini xüsusi qeyd etmək lazımdır.
Azərbaycanda fiber-optik şəbəkənin qurulmasına 2017-ci ildən başlanılsa da, 2021-ci ilə qədər yalnız 230 min ev təsərrüfatı əhatə olunmuşdu. 2021-ci ildən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin icra müddətində isə genişzolaqlı internetə çıxış imkanı yaradılan ev təsərrüfatlarının sayı 2,29 milyona çatdırılıb. Bu göstərici əvvəlki dövrlə müqayisədə 10 dəfə daha çoxdur. Son 2 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artaraq beynəlxalq hesabatlarda əks olunub.
Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri “rəqəmsal hökumət” platformasının yaradılması olub. Dövlət qurumları arasında məlumat mübadiləsi prosesini tamamilə rəqəmsallaşdıran “Rəqəmsal Körpü” milli məlumat mübadiləsi sistemi tətbiq edilib.
Dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün “Hökumət Buludu” layihəsinə başlanılıb.