Mayın 5-də dünya birjalarında neft qiymətlərində müşahidə olunan kəskin eniş qlobal iqtisadiyyatda qeyri-müəyyənlikləri artırıb. Neft ixracatına əsaslanan ölkələr, o cümlədən Azərbaycan üçün bu vəziyyət xüsusi əhəmiyyət daşıyır. Qiymətlərin ucuzlaşması fonunda Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının sabitliyinin qorunması və milli valyutanın məzənnəsinə olan təzyiqlərin azaldılması məqsədilə atılan addımlar və nəzərdə tutulan tədbirlər gündəmdədir.
Axar.az xəbər verir ki, Mərkəzi Bankdan Globalinfo.az-a bankın qlobal iqtisadi prosesləri daim yaxından izlədiyi və enerji qiymətlərinin dinamikasını diqqətdə saxladığı bildirilib.
“Hazırda neftin faktiki və proqnozlaşdırılan qiyməti Azərbaycanın tədiyə balansının cari əməliyyatlar balansı üçün olan tarazlı qiymətindən əhəmiyyətli yüksəkdir. Onu da deyək ki, son illər ixracın şaxələnməsi və təbii qaz ixracının artması neftin qiymətinin tədiyə balansına təsir imkanlarını qismən məhdudlaşdırmışdır.
Valyuta bazarında vəziyyət ölkənin tədiyə balansı, həmçinin fiskal sektorun valyuta tələbi və təklifi, eləcə də məzənnə gözləntiləri kimi amillərdən asılıdır. İlin sonuna cari əməliyyatlar balansında profisit proqnozu, fiskal sektorun valyuta təklifinin ötən illə müqayisədə çox olması, eləcə də məzənnə gözləntilərinin sabit olması valyuta bazarı üçün hər hansı əhəmiyyətli riskin formalaşmayacağını deməyə əsas verir.
Mərkəzi Bank bundan sonra da qiymət sabitliyinin qorunmasına yönəldilmiş siyasət yürütməyə davam edəcəkdir”, – deyə qeyd edilib.