Rusiya-Azərbaycan münasibətləri son dönəmlərdə yenidən kəskinləşib. Prezident İlham Əliyev Moskvada keçiriləcək 9 May qələbə paradında iştirak etməyəcək. Bunun səbəbləri haqda yerli mediada xəbər paylaşılıb. Bildirilib ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya tərəfin adekvat addım atmaması, günahkarların cəzalandırılmaması, deputat Azər Badamova qarşı rəftar və Azərbaycan saytlarına qarşı Rusiyadan kiberhücumların təşkil edilməsi bu səfərin təxirə salınmasına səbəb olub.
İki ölkə arasında yenidən start götürən gərginliyin müxtəlif sahələrdə təsirinin olacağı gözləniləndir. Ən çox diqqət çəkən məsələlərdən biri Rusiyadakı əmək miqrantları ilə bağlıdır. Onların incidilməsi, deport edilməsi ehtimalı yenidən gündəmdədir.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, məlum təyyarə qəzası sonrasında Rusiyanın nümayiş etdirdiyi mövqe, iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub:
“Qazaxıstanın ilkin araşdırma nəticələrini açıqlamasından sonra Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Hətta qəzanın məsuliyyətini üzərlərindən atmaq üçün müxtəlif yollar axtardılar. Azərbaycan isə bu proseslərə soyuqqanlı yanaşdı. Həmin dövrdə, ölkəmizə qarşı yayılan təxribat xarakterli məlumatlara belə dözümlülük nümayiş etdirildi. Kiberhücumlar da qeydə alındı. Rusiya həm bu cür siyasət yürüdür, həm də Azərbaycanla münasibətlərini əvvəlki vəziyyətə qaytarmağa çalışır. 2022-ci ilin fevralın 22-də Azərbaycan və Rusiya arasında çox mühüm bir sənəd imzalanıb. Bu sənəd, iki ölkə arasında müttəfiqlik və qarşılıqlı fəaliyyətin əsasını təşkil edən əhəmiyyətli bir bəyannamədir. Lakin Rusiyadakı bəzi dairələr Azərbaycanla əməkdaşlığın pozulmasında maraqlıdır. Azərbaycana qarşı təxribatçı fəaliyyətlər isə hər zaman fiaskoya uğrayır. 9 may ətrafında da müəyyən problemlər yaranıb. Rusiya, İlham Əliyevin Qələbənin 80 illiyi ilə bağlı paradda iştirak etməsi üçün xüsusi təklif göndərdi. Ümumilikdə, siyasi müstəvidə münasibətlərin kəskinləşməsini müşahidə etmirik”.