Şərqi İngiltərə Universitetinin (UEA) alimləri maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə insan ürəyinin “funksional yaşını” təyin edən innovativ texnika hazırlayıblar. Bu yanaşma qeyri-sağlam həyat tərzinin ürəyin yaşlanma prosesinə necə təsir etdiyini aydın şəkildə ortaya qoyur.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “European Heart Journal Open” elmi jurnalında dərc olunmağa qəbul edilib.
Tədqiqat “Yaşlanmanın Ürək MRT Markerləri: Çox Mərkəzli, Kesitili Kohort Araşdırması” adlanır və onun məqsədi MRT vasitəsilə ürəyin funksional yaşını təyin etmək və müxtəlif xroniki xəstəliklərin bu yaşa olan təsirini qiymətləndirmək olub. UEA-nın Norviç Tibb Məktəbindən və Norfolk və Norviç Universitetləri Xəstəxanasında fəaliyyət göstərən kardioloq Pankaj Qarqın rəhbərliyi ilə həyata keçirilən bu tədqiqat Böyük Britaniya, İspaniya və Sinqapurda yerləşən tibb müəssisələrinin iştirakı ilə gerçəkləşdirilib.
Araşdırmada yüksək qan təzyiqi, şəkərli diabet və piylənmə kimi xəstəliklərə malik 366 nəfərlə yanaşı, heç bir əsas ürək-damar xəstəliyi olmayan 191 sağlam iştirakçının MRT məlumatları analiz edilib. Müasir görüntüləmə metodlarından istifadə edilməklə ürək kameralarının ölçüsü, həcmi və funksional performansı kimi parametrlər nəzərə alınaraq funksional yaş hesablama modeli yaradılıb. P.Qarq qeyd edib ki, MRT-nin bu yeni tətbiqi ürəyin “funksional yaşını” təyin etməyə imkan verir. Bu, şəxsin real yaşı ilə deyil, ürəyin bioloji və funksional göstəriciləri ilə müəyyən olunur. Tədqiqatın nəticələrinə görə, sağlam fərdlərdə ürək yaşı xronoloji yaşla paralellik göstərsə də xroniki xəstəliklərə malik şəxslərdə bu fərq onilliklərlə arta bilər. Məsələn, hipertoniya diaqnozu qoyulmuş 50 yaşlı bir fərdin ürəyi 55 yaşlı bir insanın ürəyi kimi fəaliyyət göstərə bilər. Tədqiqatçılar bu texnologiyanın erkən diaqnostikada mühüm rol oynayacağını və xəstəlik simptomları meydana çıxmazdan əvvəl müdaxiləyə imkan verəcəyini vurğulayırlar. Beləliklə, bu texnika tibb mütəxəssislərinə ürək xəstəliklərinin qarşısını almaqda mühüm alət təqdim edə bilər.
UEA-nın doktorantı və tədqiqatın aparıcı müəlliflərindən biri olan Hosam Assadi bildirib ki, MRT-nin bu formada tətbiqi həyat tərzini dəyişmək üçün motivasiyaedici ola bilər və gələcəkdə kardioloji skrininqlərdə standart prosedura çevrilə bilər.
Tədqiqat Norfolk və Norviç Universitetləri Xəstəxanaları NHS Foundation Trust, Sinqapur Milli Ürək Araşdırma İnstitutu, Şeffild Universiteti, San Juan de Dios Xəstəxanası (İspaniya), Barts Health NHS Trust, Leiden Universiteti Tibb Mərkəzi (Hollandiya), Lids Universiteti və Sinqapur Milli Universitetinin əməkdaşlığı ilə UEA tərəfindən həyata keçirilib.