İran-Azərbaycan münasibətləri son illərdə bir sıra gərginliklərlə yadda qalıb. İki ölkə arasında diplomatik əlaqələrdə soyuqluq yaranmasının əsas səbəbi kimi, məhz İranın Azərbaycana qarşı qeyri-dost yanaşması göstərilir. Bu vəziyyət təkcə siyasi sahədə deyil, iqtisadi, mədəni və humanitar əlaqələrə də mənfi təsir etmişdi.
Lakin İran prezidenti Məsud Pezeşkianın Bakıya səfəri münasibətlərdə yeni bir səhifənin açılacağından xəbər verir. Pezeşkianın geniş nümayəndə heyəti, xüsusilə böyük biznesmenlərin müşayiəti ilə Azərbaycana gəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələn ciddi bir niyyətin göstəricisidir.
Bu səfər, qarşılıqlı ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələrinin həyata keçirilməsi və sərmayə mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımların atılacağı ehtimalını gücləndirir.
Səfər təkcə iqtisadi sferada deyil, mədəniyyət və təhsil sahələrində də yenidən yaxınlaşmanın başlanğıcı olacaq.
İki xalq arasında tarixi, dini və mədəni bağların dərin kökləri var və bu potensial indiyə qədər tam istifadə olunmayıb. Pezeşkianın siyasətində milli azlıqlara daha mülayim yanaşmanın olması gözləntisi, İranın Azərbaycanla mədəni və humanitar əməkdaşlıqda da daha konstruktiv xətt izləyəcəyini düşünməyə əsas verir.
Məsud Pezeşkianın Bakıya səfəri İran-Azərbaycan münasibətlərində “yumşalma” dövrünün başlanğıcı hesab edilə bilər. Sənədlər əlaqələrin inkişafına öz töhfəsini verəcək. İmzalanan sənədlər bir daha göstərir ki, münasibətlər möhkəmlənəcək və yeni mərhələyə daxil olacaq
Əgər bu səfər real nəticələrlə müşayiət olunsa, iki ölkə arasında uzun müddətdir yığılıb qalan problemlərin həlli istiqamətində mühüm bir mərhələ yaşanacaq. Həm siyasi dialoqun canlanması, həm də iqtisadi və mədəni inteqrasiyanın artması regionda sabitliyə və rifaha müsbət təsir göstərə bilər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov