Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə çalışan sahibkarlar iştirak ediblər. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov bildirib ki, Qanun layihəsinin əsas məqsədi ölkədə bitki sağlamlığını təmin etmək, fitosanitar nəzarət və xidmətlərin hüquqi əsaslarını müəyyənləşdirmək, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətləri tənzimləməkdir.
Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan müqavimətin (rezistentliyin) aradan qaldırılması, torpaq və bitkilərdə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının azaldılması məqsədilə inteqrir mübarizə və daha təhlükəsiz alternativ üsullara üstünlük verildiyi vurğulanıb. Həmçinin bitkiçilik məhsullarının rəqabət qabiliyyətinin artırılması və ixrac bazarlarının genişləndirilməsi məqsədilə müəyyən ölçüdən böyük olan bitkiçilik təsərrüfatlarının daxili nəzarət sistemi və izləmə prosedurlarına malik olması tələbi layihədə əksini tapıb. Bu sistemlər bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları ilə təchizat zəncirinin izlənilməsini təmin etməlidir.
Assosiasiyanın sədri Bəşir Quliyev layihənin hazırlanmasını müsbət qiymətləndirərək, bunun mövcud problemlərin həllində və praktik hüquqi bazanın formalaşdırılmasında önəmli rol oynayacağını qeyd edib. O, layihədə beynəlxalq təcrübəyə əsaslanan yeniliklərin – Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq və izləmə sistemlərinin qurulması, zərərli orqanizmlərdən azad sahələrin təşkili, elmi-tədqiqata və risklərin idarə olunmasına əsaslanan yanaşmaların tətbiqi, inteqrir, bioloji və biotexniki mübarizənin təşviqi kimi məqamların sahibkarlar tərəfindən müsbət qarşılandığını bildirib.
Görüş zamanı sahibkarların layihə ilə bağlı təklifləri dinlənilib və müzakirələr aparılıb.